Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə “Bakcell” mobil rabitə şirkəti arasında əldə edilmiş razılığa əsasən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərə köçürülən keçmiş məcburi köçkün ailələrin gündəlik problemlərinin həllinin rahatlaşdırılması məqsədi ilə birgə layihənin həyata keçirilməsinə başlanmışdır.

"Unikal" xəbər verir ki, “Bakcell” mobil rabitə şirkəti 22-23 aprel tarixlərində Füzuli şəhərinə köçürülən ailələrə ödənişsiz  danışıq üçün sim-kart hədiyyə edib. 

Dövlət Komitəsi bildirir ki, ilkin mərhələdə 78 ailə ödənişsiz danışıq imkanından istifadə edəcək. Hər bir ailəyə 2 ədəd sim-kart təqdim olunub. Həmin sim-kartlardan istifadə edən keçmiş məcburi köçkünlər öz aralarında pulsuz danışa biləcəklər. Sonradan bu sim-kartların sayının keçmiş məcburi köçkünlərin istəyi ilə artırılması da planlaşdırılıb. 

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərə daha əvvəl köçürülmüş vətəndaşlara da “Bakcell”in ödənişsiz danışıq üçün sim-kartlarının paylanması nəzərdə tutulur.