Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda yerləşən 153 nömrəli məktəbdə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində məktəbin 1-ci mərtəbəsində yerləşən kitabxanada elektrik kabeli, kitab rəfi və kitablar qismən yanıb.

***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52 radələrində Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

Bu barədə "Unikal"a  TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub.

"1 nəfər stressə qarşı kəskin reaksiya (qadın cinsli), digər 3 şəxs isə (kişi cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 1 nəfərə isə (qadın cinsli) yerində yardım olunub", - deyə bildirilib.