Serbiyanın paytaxtı Belqradda boks üzrə Avropa çempionatında 1/4 final döyüşləri keçirilib.

"Unikal" xəbər verir ki, bu mərhələdə rinqə çıxan Azərbaycan millisinin daha bir idmançısı qələbə qazanaraq yarımfinala yüksəlib.

63,5 kiloqramda Malik Həsənov üçüncü görüşündə Din Klensi (İrlandiya) ilə qarşılaşıb. Boksçumuz rəqibini hər 3 raundda məğlub edib. Həsənov yekunda "Paris-2024" Yay Olimpiya Oyunlarının lisenziyaçısına 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, yarımfinalda moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayacaq.

Bununla da yarımfinala yüksələn boksçularımızın sayı 2-yə çatıb. Özləri üçün ən azı bürünc medalı təmin edən təmsilçilərimiz bu mərhələnin görüşlərinə aprelin 25-də çıxacaqlar.

Qeyd edək ki, bir gün öncə Alfonso Dominqes (92 kiloqram) də yarımfinalda iştirak hüququ qazanıb.