Aprelin 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində ADNSU-nun “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının 60 illik yubileyinə həsr olunmuş “Makromalekullu birləşmələr texnologiyasının müasir problemləri” mövzusunda ikigünlük Beynəlxalq elmi-texniki konfrans öz işinə başlayıb. 
Açılış mərasimindən öncə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov və universitetin bir qrup əməkdaşı, o cümlədən qonaqlar Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin, eyni zamanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad ediblər, məzarı üzərinə gül dəstələri qoyublar.

"Unikal" xəbər verir ki, Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Belarus, Qazaxıstan, Misir, Malayziya və digər ölkələrdən alimlərin qatıldığı konfransın açılış mərasimində Elm və Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Elm və Ali Təhsil üzrə Dövlət Agentlyinin nümayəndələri, millət vəkilləri, ayrı-ayrı ali məktəblərin rektorları, elmi institutların, sənaye müəssisələrinin rəhbərləri iştirak ediblər. 

Dövlət Himni səsləndirildikdən və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra “Yüksəkmolekullu birləşmələrin tədqiqinə həsr olunmuş 60 il” adlı sənədli film, tələbələrin təşəbbüsü ilə təşkil olunmuş fleşmob nümayiş olunub.

Sonra açılış nitqi ilə çıxış edən ADNSU-nun rektor əvəzi, konfransın sədri, dosent Vazeh Əskərov qonaqları və iştirakçıları salamlayaraq universitetdə “Yaşıl dünya naminə həmrəylik ili” və “COP29” çərçivəsində bir sıra tədbirlər keçirildiyini qeyd edib. O, ölkəmizdə kimya elmi və sənayesinə mühüm töhfə vermiş “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının 60 illiyinə həsr olunmuş beynəlxalq elmi-texniki konfransa ölkə miqyasında və respublikanın hüdudlarından kənarda böyük marağın göstərilməsindən qürur hissi keçirdiyini bildirib. Dosent Vazeh Əskərov ADNSU-nun strukturuna daxil olan kafedranın zəngin tarixidən danışıb və illər boyu formalaşmış və ənənələri qoruyub saxlayan bir kafedra olduğunu qeyd edib. Bildirib ki, 2023-cü il Ulu Öndər Heydər Əliyev ili adlandırıldığı üçün kafedranın təşəbbüsü ilə ilk dəfə olaraq ADNSU-da 26 may 2023-cü ildə müasir həyatımızın ən önəmli mövzularını əhatə edən Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Sağlam qidalanma, reallıqlar, perspektivlər” adlı forum keçirilib. Bugünkü konfrans da “Yaşıl dünya naminə həmrəylik ili” və “COP29” çərçivəsində yüksək səviyyədə həyata keçirilir. Sonda dosent Vazeh Əskərov konfransın işinə uğurlar arzu edib. 

Sonra Azərbaycan Respublikası Ekologiya və təbii sərvətlər nazirinin müavini, professor Rauf Hacıyev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov, Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Azərbaycan Respublikası Milli Məclisinin  Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, Elm və Təhsil Nazirliyi akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov, BDU-nun üzvi kimya kafedrasının müdiri,  Elm və Təhsil Nazirliyi akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru professor Vaqif Fərzəliyev, Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunun baş direktoru, professor Bəxtiyar Məmmədov çıxış edərək konfransın əhəmiyyətindən danışıblar və konfrans işinə uğurlar arzulayıblar. 

Konfransda xarici ölkələrdən gələn qonaqlardan Türkiyə Cümhuriyyətinin Yıldız Texniki Universitetindən dr. Osman Sağdıç, Sakarya Universitetindən Kimya bölməsinin professoru Ahmet Tutar, Misir Delta Elm və Texnologiya Universitetinin prezidenti, prof. Yehia Elmashad geniş təqdimatla çıxış ediblər. ADNSU-nun elmə verdiyi töhfələrdən, yetişdirdiyi kadrlardan xəbərdar olduqlarını bildiriblər. 
“Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının müdiri, konfransın sədr müavini prof. Fariz Əmirli öz çıxışında iştirak üçün hər kəsə təşəkkürünü bildirib, konfransın işinə uğurlar arzulayıb. 

ADNSU-da bölmə iclasları ilə davam edən konfrans aprelin 26-da başa çatacaq.  Qeyd edək ki, konfransa 170-dək elmi məqalə və 220-dən artıq tezis təqdim olunub, 24 məqalə “Web of Science” beynəlxalq istinad bazasında indekslənən jurnallarda dərc olunacaq.