Beynəlxalq Şahmat Federasiyasının (FIDE) may ayı üçün reytinq cədvəli açıqlanıb.

"Unikal" xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov (2734 xal) bir pillə geriləyərək 18-ci sırada qərarlaşıb.

Əvəzində bir pillə irəliləyən digər qrossmeysterimiz Teymur Rəcəbov (2723) 27-ci yerə yüksəlib.

Rauf Məmmədov 2651 xalla 87-ci sıraya geriləyib. Nicat Abasov isə yenə ilk “100-lük”dən kənarda qalıb.

Qadın şahmatçılardan Günay Məmmədzadə 2436 xalla 35-ci, Gövhər Beydullayeva 2412 xalla 45-ci, Xanım Balacayeva 2376 xalla 74-cü, Gülnar Məmmədova 2360 xalla 90-cı pillədə yer alıb. Ötən gün Avropa çempionu olan Ülviyyə Fətəliyeva (2378 xal) isə bir pillə irəliləyərək 72-ci sıraya qalxıb.

Qeyd edək ki, kişi şahmatçılar arasında reytinq cədvəlinə 2830 xalla norveçli Maqnus Karlsen başçılıq edir. Qadınlarda isə çinli Yifan Hou 2633 xalla birinci pillədə qərarlaşıb.