Pirallahı rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Ulu Öndərin dövlət quruculuğu strategiyası: dünən, bu gün, sabah” mövzusunda tədbir keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə “Nərəkənd balıqyetişdirmə kompleksi”nin yaxınlığındakı ərazidə ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı 200 ədəd ağac və gül kolları əkilib.

Daha sonra Pirallahı Rayon İcra Hakimiyyətinin foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub.  

Pirallahı Gənclər Mərkəzində  davam edən tədbirdə Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov bildirib ki,  Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür. Təsadüfi deyil ki, məhz o, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirib: “Belə ki, Ulu Öndərin 1994-cü ilin sentyabrın 20-də dünyanın iri neft şirkətləri ilə imzaladığı “Əsrin müqaviləsi” adlandırılan ilk neft sazişi ölkə iqtisadiyyatında köklü dəyişikliyə gətirib çıxaran, müstəqil dövlətimizə beynəlxalq nüfuz qazandıran yeni neft strategiyasının həyata keçirilməsinin başlanğıcı hesab olunur. 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiya ilə isə Azərbaycan Respublikasının dövlət quruculuğunun hüquqi əsasları formalaşdırıldı. Qürur hissi ilə qeyd edə bilərik ki, Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2003-cü ildən etibarən yeniləşən, müasirləşən, demokratikləşən dövlətlərdən birinə çevrildi”.

Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Vasif İmanov çıxış edərək diqqətə çatdırıb ki, yüksək liderlik keyfiyyətlərinə malik olan Ulu Öndər Heydər Əliyev qısa zaman kəsiyində ölkədə sabitliyi təmin etdi, müstəqilliyimiz və suverenliyimizə qarşı yönəlmiş mövcud və potensial təhlükələri aradan qaldırdı. Unikal strateji baxış sərgiləyərək Azərbaycanın bir-birini riyazi dəqiqliklə tamamlayan mərhələləri əhatə edən milli inkişaf strategiyasını müəyyənləşdirdi. Əsas komponentlərini sabitliyin təmin olunması, milli iqtisadi sistemin yaradılması və milli ordu quruculuğunun təşkil etdiyi unikal inkişaf strategiyası ölkənin davamlı uğurlarını və milli təhlükəsizliyimizin ən vacib məsələsinin həll olunmasını təmin etdi. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın şanlı Qələbəsi ilə başa çatdı.

YAP İdarə Heyətinin üzvü Asif Əsgərli, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev  Ulu Öndərin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalqın məhəbbətini qazanan öndər kimi əbədilik qazanmasından danışıblar. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə yorulmaz fəaliyyət göstərərək qəlblərdə daim sevgi, xatirələrdə əbədiyaşarlıq qazanıb.

Tədbirin sonunda partiya sıralarına yeni qoşulan bir qrup şəxsə üzvlük vəsiqələri təqdim edilib