ABŞ hərbi qüvvələri İran limanına doğru hərəkət edərək blokadanı pozmağa cəhd göstərən tankeri zərərsizləşdirib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bəyanatda bildirilir ki, iyunun 8-də Oman körfəzində Palau bayrağı altında üzən “M/T Marivex” tankeri ABŞ qüvvələri tərəfindən zərərsizləşdirilib. Məlumata görə, gəmi İran limanına daxil olmağa cəhd göstərərək qüvvədə olan blokadanı pozub.
“USS Abraham Lincoln (CVN-72)” gəmisindən havaya qalxan “F/A-18 Super Hornet” qırıcısı ABŞ hərbi qüvvələrinin göstərişlərinə tabe olmamasından sonra gəminin mühərrik və idarəetmə bölmələrinə dəqiq idarə olunan sursatla zərbə endirib. Nəticədə, “Marivex” artıq İrana doğru hərəkət etmir”, – deyə bəyanatda qeyd olunub.
Komandanlıq bildirib ki, aprelin 13-dən etibarən Mərkəzi Komandanlığın qüvvələri blokadanı pozmağa çalışan 7 gəmini zərərsizləşdirib, göstərişlərə əməl edən 134 gəminin marşrutunu dəyişdirib və humanitar yardım daşıyan 42 gəminin keçidinə icazə verib.










.jpeg)












































