“Hazırda bütün dünyada informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir. Bu inkişafın göstəricilərindən biri də sosial şəbəkələrin mövcudluğudur. Sosial şəbəkələr artıq həyatımızın bir hissəsinə çevrilib. Sosial şəbəkələrin faydası çox olsa da, problemli məqamlar da istisna deyil”.
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı deyib.
Deputat bildirib ki, sosial şəbəkələrin həyatın ayrılmaz hissəsi olduğu bir dövrdə, xüsusilə uşaqların ondan nəzarətsiz istifadə etməsinin qarşısı alınmalıdır. Yəni internet resursları, müasir texnologiyalar müsbət cəhətləri ilə yanaşı, insanların davranışlarına, düşüncəsinə, xüsusi ilə, uşaqların sosial-psixoloji inkişafına ziyan vura bilir. Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar, internetdə yayımlanan bəzi filmlər, oyunlar uşaq və yeniyetmələrin düşüncəsinə, dünyagörüşünə mənfi təsir edir. Belə hallar yeniyetmələri təhsildən yayındırır, onları başqa zərərli vərdişlərə aludə edir. Hətta bəzi hallarda onların aqressiv davranmalarına və nəticə etibarilə qanunazidd hərəkətlərə yol vermələrinə səbəb olur.
Millət vəkilinin sözlərinə görə, sosial şəbəkələrin mənfi təsirləri nəticəsində demək olar ki, bütün ölkələrdə məktəblilər tərəfindən xoşagəlməz hallar törədilir, hətta cinayət hadisələri də baş verir. Belə halların qarşısını almaq üçün dünyada uşaq və yeniyetmələrin internetdən, o cümlədən sosial şəbəkələrdən istifadəsi ilə bağlı müxtəlif təcrübələr mövcuddur. “Məsələn, Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişi tam qadağandır. Çin vaxt məhdudiyyətləri və məzmun nəzarəti ilə hərtərəfli dövlət tənzimləmələrini tətbiq edir. Qardaş Türkiyədə də 15 yaşına çatmamış uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulub. Düşünürəm ki, Azərbaycanda uşaqların sosial şəbəkələrə girişinə tam qadağa yox, məhdudiyyət tətbiq edilməlidir. Uşaqların sosial şəbəkələrdən istifadəsinə nəzarət olunmalıdır. Həm ailə, həm məktəb, həm də cəmiyyət olaraq bu məsələdə diqqətli olmalıyıq. Uşaqlara nəyisə qadağan etməklə problemi tam həll etmək mümkün deyil. Bu yöndə cəmiyyət olaraq maarifləndirmə işləri aparılmalı, uşaqların inkişafı üçün lazımi addımlar atılmalıdır. Yəni, məktəblilər sosial medianın müsbət tərəflərindən istifadə etməlidir. Bununla yanaşı, onları sosial şəbəkə müstəvisində təhlükələrdən qoruya bilən rəqəmsal mühit yaradılmalıdır”.
Samir Vəliyev qeyd edib ki, bu baxımdan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna təklif edilən bir sıra dəyişikliklər çox əhəmiyyətlidir. Artıq bu dəyişikliklərlə bağlı qanun layihəsi iyunun 8-də Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə edilib və plenar iclasa tövsiyə olunub. Dəyişikliklər qəbul edildikdən və qüvvəyə mindikdən sonra uşaqların sosial şəbəkə platformalarında qeydiyyatı qanunvericiliyə uyğun tənzimlənəcək. Rəqəmsal mühitin təhlükəsizliyi uşaqlarımız üçün çox mühümdür. Buna görə də dövlətin rəqəmsal inkişaf siyasətində uşaqların mühafizəsi prioritet məsələlərdən biri kimi qarşıya qoyulub. Qanunvericiliyin təkmilləşdirilməsi də məhz uşaqların müdafiəsinə yönəlib. Layihəyə əsasən, 16 yaşı tamam olmamış şəxslərin sosial platformalarda fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilmir. Platformaların siyahısı müvafiq icra hakimiyyəti qurumunun müəyyən etdiyi orqan tərəfindən müəyyən olunur. Dəyişikliklərə əsasən, provayderin məsuliyyəti və öhdəlikləri müəyyənləşdirilir. Provayder platformada fərdi rəqəmsal hesabın yaradılması zamanı yaş məhdudiyyətinə nəzarəti təmin etmək üçün bir sıra texniki üsulların ardıcıl tətbiqini təmin etməlidir.
“Əlbəttə, bu layihə hazırlanarkən dünya ölkələrinin təcrübəsinə istinad edilib. Beynəlxalq təcrübədə, ilk növbədə, sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi, onlara uşaqlar üçün risklərin azaldılması, məlumatların daha ciddi mühafizəsi və təhlükəsizliyi ilə bağlı öhdəliklər müəyyən edən tələblərin tətbiqi mövcuddur. Azərbaycanın milli qanunvericiliyinə təklif edilən bu dəyişikliklər də rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin daha effektiv qorunması, sosial şəbəkə platformalarından təhlükəsiz istifadənin təmin olunması, habelə platformaların fəaliyyətinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi məqsədinə xidmət edir”,-deyə deputat vurğulayıb.






























.jpeg)





















