Bu gün 22 yaşında "şəhid müəllim" statusu almış türkiyəli müəllim Şənay Aybükə Yalçının ölümünün ildönümüdür.
"Unikal" xatırladır ki, adı Xocalıda qətl edilmiş azərbaycanlı qızdan götürülmüş Aybükə, təəssüf ki, onunla eyni taleyi yaşayıb.
Aybükə doğulmazdan əvvəl valideynləri Xocalı qətliamından bəhs edən bir cizgi film izləyirlər. Cizgi filmində ermənilər helikopterdən içində bomba olan bir oyuncaq atır, Aybükə adlı azərbaycanlı balaca qız oyuncağı götürür və onun partlaması nəticəsində həlak olur. Bundan təsirlənən Yalçın ailəsi qızları doğularsa, ona Aybükə adını qoymağı qərara alır.
1994-cü il sentyabrın 3-də cütlüyün qızı doğulur. Valideynləri körpəyə nənəsinin adı Şənayı da əlavə edərək Aybükə Şənay ismini verirlər.
Aybükə Körfez Anadolu Liseyini bitirib. Bu müddət ərzində Edremit Mədəniyyət İncəsənət Dərnəyində musiqi təhsili alır. Daha sonra Nəcməddin Ərbakan Universitetinin Musiqi müəllimliyi Bölməsindən məzun olur. 2016-cı ildə Batman əyalətinin Kozluğ ilçəsində Anadolu Liseyinə musiqi müəllimi olaraq təyin edilir. Atası "İstəsən, getməyə bilərsən" deyir. Aybükə isə "Bayrağımın dalğalandıığı hər yer mənim üçün Vətəndir" deyərək Batmana yola düşür.

Bir il sonra - 2017-ci ilin iyunun 9-da PKK terror təşkilatı Kozluk bələdiyyəsinin sədrinə sui-qəsd hazırlayır. İl sonu gəlir, Aybükə və digər müəllimlər uşaqlara rüblük qiymətləndirmə vərəqini təqdim edirlər, daha sonra o, rəfiqələri ilə birlikdə maşına əyləşib yola düşür.
Şəhərdə yan yolda qaçırdığı avtomobildə gözləyən PKK-lı terrorçular Kozluğ bələdiyyə sədri Veysi İşığa məxsus avtomobil yolun qarşısında olan zaman uzun lüləli silahla avtomobilə atəş açır. Bələdiyyə sədrinin avtomobili manevr edib qaçsa da, terrorçular atəşi dayandırmamış və maşının arxasınca dəfələrlə atəş açıblar. Bu hücum zamanı avtomobili həmin yoldan keçən Aybükə hadisə yerinə yaxın olmuş, nəticədə güllələrin bir hissəsi ona dəyir. O, ağır yaralanır, aparıldığı dövlət xəstəxanasında vəfat edir. Doğulduğu Osmancıq ilçəsində dəfn edilib. Onun ölümü ciddi rezonansa səbəb olmuşdu.

Silahlı hücumu təşkil edən "Agit" ləqəbi ilə tanınan terrorçu zərərsizləşdirilmiş, Batman 3-cü Ağır Cəza Məhkəməsində baş verən hücumla bağlı işdə 5 nəfər "terror qrupununun silahla təmin edilməsi" ittihamı ilə 18 il müddətinə azadlıqdan məhrumetmə cəzaları almışdır.
Aybükənin ölümündən sonra çalışdığı Kozluğ Anadolu Liseyi, məzun olduğu Körfez Anadolu Liseyi, hücumun baş verdiyi Hastane məhəlləsi, məzun olduğu Necmettin Erbakan Universitetində zal, Osmancıq ilçəsində təhsil müəssisəsinə, Kozluğ ilçəsində isə qonaq evinə onun adı verilmişdir. 2 may 2023-cü ildə Rəcəb Tayyib Ərdoğan Gabar dağında yeni neft quyusuna müəllimin adının verildiyini açıqlamışdır. 24 noyabr 2023-cü ildə onun həyatından bəhs edən "Aybüke: Öğretmen Oldum Ben" filmi nümayiş olunub.
Aybükənin atası Sadıq Yalçının qızının adı ilə bağlı bunları deyib:
“Aybükə adının verilməsindən məmnunuq. Aybükə adət-ənənəmizin və mədəniyyətimizin bir hissəsidir. Aybükə adı 1993-cü ildə Azərbaycanda erməni hücumunda şəhid olan bir Azərbaycan ailəsinin kiçik qızına məxsus idi və bu, bizə dərin təsir etdi. O vaxt dedik ki, “Qızımız olsa, adını Aybükə qoyacağıq”. Buna görə də bu adı seçdik. Bəlkə də Allahın iradəsi ilə övladımızın adının simvolik olaraq bu şəkildə ortaya çıxmasıdır; dəqiq deyə bilmərəm. Prezidentimiz öz nəvəsinə onun adını verib. Ölkəmizin bir çox yerində ailələr uşaqlarına Aybükə adını veriblər. Aybükə adının bu şəkildə qəbul edilməsini görmək insanı qürurlandırır”.
Nuranə Abbasova

















.jpg)





.jpg)






























