Hər kəsə yaxşı məlumdur ki, Qazax rayonunda fəaliyyət göstərən "Arkoz Qazax Sement Zavodu” MMC Azərbaycanın iri sement istehsalçılarından biri olaraq böyük layihələrə imza atmaqda bu gün də davam edir. Zavod illərdir ki, fəaliyyəti dövründə öz xeyirxah əməlləri ilə hər zaman nümunə olur, rayonda görülən işlərə öz töhfəsini verir.

"Unikal" xəbər verir ki, zavodun rəhbərliyi ölkə Prezidenti İlham Əliyevin, eləcə də rayon rəhbərliyinin vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərdikləri qayğını əldə rəhbər tutaraq xeyirxah əməlləri ilə hər kəsə örnək olur. Təqdirəlayiq işləri həyata keçirməkdə öz ənənəsinə sadiq qalan zavodun kollektivi şəhid ailələrini, qaziləri daim diqqətdə saxlayır, qayğı göstərərək onların sosial problemlərinin həllində, məişət şəraitlərinin yaxşılaşdırılmasında yaxından iştirak edir. Bəli, həmişə xeyirxah işlərlə, savab əməllərlə fərqlənən zavod bu il də öz ənənəsinə sadiq qalaraq daha bir şəhid ailəsinin yanında olub. "Arkoz Qazax Sement Zavodu” MMC Qazax Rayon İcra Hakimiyyətinin müraciətini bu dəfə də cavabsız qoymadı.

Zavod rəhbərliyi bu dəfə 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalmış Canalı kəndinin igid oğlu, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalı ilə təltif olunmuş şəhid əsgər Nəsibov Akşin Vasif oğlunun ailəsinə diqqət ayırıb, qayğı göstərib. Zavod kollektivi qəhrəman şəhidimizin vaxtilə yaşadığı evdə təmir-tikinti işləri apararaq onların yanında olduqlarını nümayiş etdirib, şəhidimizin vaxtilə yaşadığı evin onun adına layiq şəkildə, arzuladığı kimi təmir olunması üçün əllərindən gələni əsirgəməyib. Şəhidin evində, eləcə də həyətdə görülən işlər şəhid ailəsinin istəyinə uyğun şəkildə həyata keçirilib. Artıq şəhidin evində təmir-bərpa işləri yekunlaşıb.  

İyulun 21-də şəhid əsgər Nəsibov Akşin Vasif oğlunun təmir edilmiş, lazm olan bütün mebel və avadanlıqlarla təmin olunmuş yaşayış evi ailə üzvlərinin istifadəsinə verilib.

Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, “Arkoz Qazax Sement Zavodu” MMC-nin direktoru Murat Çağlayan, "Arkoz Qazax Sement Zavodu" MMC-nin rəhbərliyindən, Zavodun Hüquq məsələləri üzrə direktor müavini Hikmət Əliyev, İnzibati işlər və nəzarət üzrə direktor müavini Nahid Salehov və digər əməkdaşlar, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, şəhid ailələrinin üzvləri, ziyalılar, KİV nümayəndələri iştirak ediblər.

Qonaqlar əvvəlcə təmir edilmiş evə baxış keçirərək evdə və həyətdə igid Vətən oğlunun ailəsi üçün yaradılan şəraitlə tanış olublar.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Şəhid ailəsinin xoş günündə onların yanında olduqları üçün tədbirdə iştirak edənlərə razılığını ifadə edib. Rayon rəhbəri qəhrəman şəhidimizin atasına və anasına doğmaları ilə birlikdə təmir olunmuş evlərində huzurla xoş günlər yaşamağı arzu edib, səmimi təbriklərini səsləndirib. İcra başçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında onun dəmir yumruğu ətrafında birləşərək 44 günlük Vətən müharibəsində, antiterror tədbirlərində qanı ilə tarix yazan Akşin Nəsibov və onun kimi igid oğullarımızla hər bir Azərbaycan vətəndaşının qürur duyduğunu bildirib. Rayon rəhbəri istər Birinci Qarabağ, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər vaxtlarda Şəhidlik zirvəsinə ucalmış bütün şəhidlərimizin əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. İcra başçısı ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda hər zaman nümunə götürüldüyünü vurğulayıb. İcra başçısı fəaliyyətə başladığı ilk gündən Zavodun rayonda bir çox layihələrə imza atdıqlarını, xüsusilə də şəhid ailələrinə, müharibə əlillərinə, aztəminatlı ailələrə qayğı göstərdiklərini, dəstək olduqlarını söyləyib. Nümunəvi təşəbbüsünə görə şəhid ailələri, eləcə də ziyalılar və rayon ictimaiyyəti adından "Arkoz Qazax Sement Zavodu” MMC-nin rəhbərliyinə və kollektivinə bir daha təşəkkürünü çatdıran rayon rəhbəri bu cür layihələrin icra olunmasını ölkə başçısının yürütdüyü uğurlu dövlət siyasətinin davamı kimi qiymətləndirib. “Bu, təkcə Akşin Nəsibovun ailəsi üçün təmir edilmiş ev deyil, bu, bütün şəhidlərimizə olan diqqətdir. Bu, dövlətimizin, ölkə rəhbərliyinin şəhid ailələrinin yanında olduğunu göstərən nümunəvi addımdır. "Arkoz Qazax Sement Zavodu” MMC şəhid ailələri ilə bağlı sosial layihələri uğurla icra edir. Zavod rəhbərliyi dövlətin onlara göstərdiyi qayğını, dəstəyi əldə rəhbər tutaraq bu cür sosial layihələri icra edərək öz töhfəsini verir, şəhid ailələrinin, qazilərin yanında olduqlarını əməli işləri ilə göstərirlər”, - deyən rayon rəhbəri bir daha zavodun rəhbərliyi başda olmaqla, şəhidin ailəsi üçün evin təmir edilməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirib.                            

“Arkoz Qazax Sement Zavodu” MMC-nin direktoru Murat Çağlayan çıxış edərək tədbir iştirakçılarını salamlayıb, zavod rəhbərliyinin səmimi ürək sözlərini çatdırıb. Zavodun rəhbərliyi olaraq hər zaman dövlətin, ölkə başçısının və rayon rəhbərliyinin şəhid ailələrinə, qazilərə göstərdikləri qayğını əldə rəhbər tutaraq onların yanında olduqlarını qeyd edib. Zavod kollektivi olaraq şəhid ailələrinin, qazilərin, aztəminatlı ailələrin yanında olmaqdan, həyata keçirdikləri sosial layihələrdən, gördükləri nümunəvi işlərdən qürur duyduqlarını vurğulayıb. 

Tədbirdə iştirak edən Vətən müharibəsi şəhidi gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev razılığını bildirərək zavod tərəfindən şəhid övladının ailəsinə göstərilən qayğıdan söz açıb. “Arkoz Qazax Sement Zavodu”nun şəhid ailələrinə olan qayğısını şəhid övladının ailəsinə göstərilən qayğıda hiss etdiklərini, şəhidin ailəsi üçün yeni ev inşa olunduğunu diqqətə çatdırıb. 

Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Bakı Dövlət Universitetinin Qazax filialında Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev, təqaüddə olan müəllimlərdən Səfurə Rəhimova, Tahirə Comərdova və başqaları şəhid ailəsinə göstərilən qayğıya görə razılıqlarını ifadə edib, zavodun rəhbərliyinə nümunəvi təşəbbüslərinə görə minnətdarlıqlarını bildiriblər. Evin təmir olunmasında əməyi, əziyyəti keçən hər kəsə təşəkkür ediblər.

Şəhid atası Vasif Nəsibov da öz növbəsində razılığını bildirib. “Arkoz Qazax Sement Zavodu”nun şəhid ailələrinə olan qayğısını eşitdiklərini qeyd edən şəhid atası bunu öz ailəsinin timsalında da hiss etdiklərini söyləyib. Qəhrəman oğlunun boya-başa çatdığı evin onun arzuladığı kimi təmir olunmasını bunun bariz nümunəsi olaraq göstərib. Şəhidimizin evinin təmir olunmasını, məişət şəraitinin yaxşılaşdırılmasını dövlətin onlara olan növbəti qayğısı kimi dəyərləndirib. Şəhid ailələrinə göstərilən qayğıya görə ölkə başçısına, Birinci vitse-prezidentə, rayon rəhbərliyinə və "Arkoz Qazax Sement Zavodu” MMC-nin rəhbərliyinə minnətdarlığını bildirib. 

Nəsibov Akşin Vasif oğlu 10 mart 2004-cü ildə Qazax rayonunun Canalı kəndində anadan olmuşdur. 2010-2019-cu illərdə Qazax rayon Canalı kənd tam orta ümumtəhsil məktəbində təhsil almışdır. 2019-cu ildə məktəbin 11-ci sinifini bitirmiş və həmin il Qazax Dövlət Sosial-İqtisadi Kollecin mühasibat uçotu fakültəsinə qəbul olmuşdur. 2022-ci ildə kolleci bitirərək 27.10.2022-ci il tarixdə həqiqi hərbi xidmətə yola düşmüşdür. Nəsibov Akşin Vasif oğlu 19.09.2023-cü ildə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Ağdərə rayonu istiqamətində şəhid olmuşdur. Nəşi 20.09.2023-cü ildə doğulduğu Canalı kəndinə gətirilmişdir. 21.09.2023-cü ildə Canalı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

Respublika Prezidenti İlham Əliyevin 8 Noyabr – Zəfər Günü ərəfəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” imzaladığı 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən əsgər Akşin Nəsibov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimiz əsgər Akşin Nəsibovun adı verilib.

Məlumat üçün qeyd edək ki, Zavod tərəfindən 2017-ci ildə Daş Salahlı kənd 2 saylı Uşaq bağçası və 3 saylı Körpələr Evi-Uşaq bağçası əsaslı şəkildə yenidən qurularaq körpə balaların istifadəsinə verilib. Zavod tərəfindən Daş Salahlı kəndində yerləşən Şəhidlər Xiyabanına gedən yola yeni asfalt örtüyünün vurulması, ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş, Qazax rayonunun Qazaxbəyli kənd sakini, 3-cü dərəcəli Vətən müharibəsi əlili (MAHHXHQ) Rəhimov Fəqan Fazil oğlunun yaşadığı evin əsaslı şəkildə yenidən qurulması, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalmış Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Xüsusi Vasitələrin Tətbiqi Dəstəsində gizir kimi xidmət etmiş, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuş gizir Əhmədov Elvin Qələndər oğlunun, Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş kiçik çavuş Mustafayev Sərxan İslam oğlunun evinin əsaslı şəkildə təmir olunması, 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri Abdullayev Sərxan Elxan oğlunun ailəsi üçün yeni evin inşa edilməsi, Daş Salahlı kəndində yeni məhəllə adlanan ərazidə yaşayan 60-a yaxın ailənin məişət suyu ilə bağlı probleminin aradan qaldırılmasında göstərdikləri köməklik zavodun həyata keçirdiyi sosial layihələrdir.