2026-2027-ci illər mövsümünün transfer çalışmalarını davam etdirən “Qarabağ” növbəti futbolçu keçidini gerçəkləşdirib.
Klubdan "Unikal"a bildirilib ki, mozambikli müdafiəçi Bruno Lanqanın transferi ilə bağlı İspaniyanın “Almeriya” klubu ilə danışıqlar uğurla yekunlaşıb.
Futbolçu ilə 3 illik müqavilə imzalanıb. 28 yaşlı sol cinah oyunçusu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, komandamızda 5 nömrəli formanı geyinəcək. Lanqanın son klubu İspaniya təmsilçisi “Almeriya” olub. O, bu ilin ilk yarısını icarə əsasında Portuqaliya komandası “Eştrela”da keçirib. Lanqa karyerası ərzində ölkəsində “Blek Bullz”, “Maşakene”, Portuqaliyada “Amora”, “Vitoriya”, “Şaveş”, “Eştrela”, Kiprdə “Pafos” və İspaniyada “Almeriya” klublarının formasını geyinib.
Lanqa 2021-ci ildən indiyə qədər Mozambik millisinin heyətində 37 oyun keçirib, 1 qol vurub, 6 məhsuldar ötürmə verib.
Qeyd edək ki, Bruno Lanqa yay transfer pəncərəsində “Qarabağ”ın dördüncü transferidir. Daha əvvəl Jali Mauddib, Zakaria Savo və Samuel Lobato “Qarabağ”a qoşulub.




































.jpeg)














