Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 17 iyun - Tibb işçilərinin peşə bayramı günü münasibətilə “Sağlam gələcəyin memarları” adlı tədbir keçirilib.
"Unikal" xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək onun büstü önünə gül dəstələri düzüblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və ölkənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbir çərçivəsində səhiyyə sahəsində görülən işlərə və tibb işçilərinin cəmiyyət həyatındakı roluna həsr olunmuş sənədli film nümayiş etdirilib.
Çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək onların əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin artırılması və sosial rifahın təmin olunması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib. O, səhiyyə sahəsinə göstərilən dövlət qayğısının davamlı xarakter daşıdığını vurğulayıb və tibb işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxışında son illərdə ölkədə səhiyyə sahəsinin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini qeyd edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində səhiyyə infrastrukturunun müasirləşdirildiyini, tibbi xidmətlərin keyfiyyətinin yüksəldildiyini və əhalinin sağlamlığının qorunmasına xüsusi diqqət yetirildiyini bildirib.
YAP İdarə Heyətinin üzvü Rauf Əliyev və Milli Məclisin deputatı Soltan Məmmədov tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək onların məsuliyyətli və şərəfli fəaliyyətinin cəmiyyət üçün böyük əhəmiyyət daşıdığını vurğulayıblar.
Səhiyyə işçiləri adından çıxış edən Xəzər Tibb Mərkəzinin direktoru Mübariz Ağayev və Sanator-Kurort Reabilitasiya Mərkəzinin direktoru Mürsəl Mürsəlov göstərilən diqqət və qayğıya görə təşəkkürlərini ifadə edərək, fəaliyyətlərini bundan sonra da yüksək məsuliyyətlə davam etdirəcəklərini bildiriblər.
Tədbirin sonunda səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi Fəxri Fərman ilə təltif olunub.
















.jpeg)




.jpeg)




























