UEFA 2026/2027 mövsümü üçün avrokubok iştirakçılarının siyahısını açıqlayıb.

"Unikal" qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu dəfə də siyahıda Rusiya klublarının adına yer verilməyib.

Qurumun sənədlərində bildirilib ki, İcraiyyə Komitəsi Rusiya milli komandaları və klublarının UEFA turnirlərindən kənarlaşdırılmasının davam etməsi səbəbindən iştirakçı siyahısına dəyişiklik edib. Eyni zamanda siyahı yarışların nəticələrinə və vəsiqə sayının yenidən bölüşdürülməsinə uyğun şəkildə yenilənib.

Beləliklə, Rusiya təmsilçiləri 2026/2027 mövsümündə də UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və UEFA Konfrans Liqasında çıxış etməyəcəklər.

Xatırladaq ki, Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra Rusiyanın klubları və yığmaları 2022-ci ilin fevralından UEFA və FIFA turnirlərindən qeyri-müəyyən müddətə kənarlaşdırılıb. 

Qeyd edək ki, son mövsümün yekunlarına əsasən Rusiya UEFA reytinqində 28-ci pillədə qərarlaşmış və nəzəri olaraq avrokuboklara dörd klub göndərmək hüququ qazanmışdı. Lakin qüvvədə olan sanksiyalar səbəbindən bu iştirak hüququndan istifadə olunmayacaq.