Quba rayonunun Qəçrəş yolunda yerləşən “Alma Bağı” hotelində qonaqlar arasında dava düşüb. 

"Unikal" “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən ilin qışında hotelin 314 nömrəli otağında 31 yaşlı Kənan İsmayıllı dostu Mahir və iki xanım tanışı ilə birlikdə qonaq olub.

312 nömrəli qonşu otaqda isə Ceyhun Nəcəfov ailə üzvləri ilə istirahət edirmiş. Gecə yarısı Kənan və onunla olan şəxslər otaqda yüksək səslə musiqi dinləyib nalayiq ifadələr işlədiblər. Ceyhun əvvəlcə bu barədə hotel nəzarətçilərini məlumatlandırıb. Üstündən bir az keçdikdən sonra isə eyni otaqdan yenidən səs-küy gəlib. Bu dəfə Ceyhun 314-cü otağa gedərək qapını təpiklə vurmağa başlayıb. Kənan çölə çıxan kimi isə Ceyhun ona irad bildirib, əlbəyaxa davaya çıxıblar.

Ceyhun Nəcəfovla birlikdə hoteldə olan bacanağı Xəqani Əliyev və digər qohumlarının da mübahisəyə qoşulmasından sonra gərginlik daha da artıb. Tərəflər arasındakı dava yalnız polis əməkdaşlarının müdaxiləsindən sonra dayanıb.

Baş vermiş hadisə anbaan hotelin təhlükəsizlik kameralarına düşüb, bu görüntülər təqsirləndirilən şəxs tərəfindən saytımıza təqdim edilib:

Bu dava ilə bağlı aparılan araşdırma nəticəsində Ceyhun zərərçəkmiş, Kənan isə təqsirləndirilən statusu alıb. İstintaqın bu qərarında əsas isə tibbi ekspertizanın rəyidir. Ekspertin rəyinə görə, dava zamanı 52 yaşlı Ceyhun Nəcəfova dəyən zərbələr daha güclü olub, onun burun sümükləri sınıb. Kənanın bədənində aşkar edilən xəsarətlər isə sağlamlığa zərər vurma əlamətləri yaratmadığından dərəcəsi müəyyən edilməyən xəsarətlər kimi qiymətləndirilib.

Buna əsasən Kənan İsmayıllıya Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham verilib, iş Quba Rayon Məhkəməsinə göndərilib.

Kənan məhkəmədə özünü təqsirli bilmədiyini, əksinə zərərçəkmiş olduğunu deyib: “Ceyhun Nəcəfov və qohumları məni hotelin dəhlizində yerə yıxıb döyüblər. Bədənimin müxtəlif yerlərinə təpik və yumruqla vurublar. Hamısı da videoda açıq-aşkar görünür.  Davadan 6 gün sonra tibbi ekspertiza keçirilib, guya onun xəsarəti mənimkindən ağır olub. Halbuki hücuma məruz qalan da, yerə yıxılıb döyülən də mən olmuşam. Amma indi onlar məsuliyyətdən kənarda qalıb”. 

Təqsirləndirilən şəxs hakimdən hadisə anının videosuna baxış keçirməsini və bu ziddiyyətli ittihama düzgün hüquqi qiymət verilməsini xahiş edib.

Zərərçəkmiş qismində tanınmış Ceyhun Nəcəfov isə baş verənlərin istintaq materiallarında yazılan kimi olduğunu deyib. Amma təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmayıb.

Məhkəmə hökmündə yalnız təqsirləndirilən şəxsin zərərçəkmişə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa zərər vurması ilə bağlı ittihamı istintaq orqanının səhvi kimi qiymətləndirilib. Hakim Nigar Xəlilova bu epizodu belə izah edib ki, tərəflər arasındakı mübahisə birbaşa Ceyhun Nəcəfovun təşəbbüsü ilə başlayıb. Buna görə də Kənanın ona xuliqanlıq niyyəti ilə xəsarət yetirməsi əsassızdır.

Hökmə əsasən, Kənan İsmayıllı qəsdən sağlamlığa az ağır zərər vurmaqda və ictimai qaydanın pozulması ilə nəticələnən xuliqanlıqda təqsirli bilinib. O, aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilsə də, amnistiya aktının tətbiqi ilə cəzanın çəkilməsindən azad olunub.

Kənan İsmayıllı verilmiş cəzanı çəkməkdən azad edilsə də, bu, onun bəraət alması demək deyil. Məhkəmə onu təqsirli bildiyindən məhkumluq statusu qüvvədə qalıb. Məhz buna görə də o, haqqında çıxarılmış hökmün ləğv edilməsi və bəraət alması məqsədilə apellyasiya məhkəməsinə üz tutub.

Kənan apellyasiya şikayətində zərərçəkmiş şəxsin yüksək vəzifəli şəxs olduğunu, bu səbəbdən işə təsir etdiyini yazıb. Onun sözlərinə görə, Ceyhun Nəcəfov İqtisadiyyat Nazirliyinin tarif-qiymət siyasəti şöbəsinin müdiridir. O, indi işə yenidən baxılmasını, hadisə anının əks olunduğu videonun sübut kimi qəbul edilməsini və hər kəsin qanun qarşısında bərabərliyi nəzərə alınaraq bəraət qərarı çıxarılmasını istəyir.

Kənanın hökmə etirazından sonra Ceyhun Nəcəfov da əvvəlki barışıq mövqeyindən imtina edib. Hazırda şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır. Hələlik yekun qərar açıqlanmayıb.