23–25 iyun tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Riyaziyyat, mexanika və onların tətbiqlərinin müasir problemləri” (Modern Problems of Mathematics, Mechanics and Their Applications – MPMMA 2026) II Beynəlxalq Konfransı keçirilir.
"Unikal" xəbər verir ki, AzMİU, Gürcüstan Universiteti, Türkiyənin Yıldız Texniki Universiteti və Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən konfrans dünyanın müxtəlif ölkələrindən alimləri, tədqiqatçıları və elm təşkilatlarının nümayəndələrini Bakıda bir araya gətirib.
Bu il konfransa 22 ölkədən təqdim olunan 178 elmi məruzə təşkilat komitəsi tərəfindən qəbul edilib. Məruzələrin 82-si xarici həmmüəlliflərlə hazırlanıb ki, bu da tədbirin beynəlxalq elmi əməkdaşlıq platforması kimi əhəmiyyətini bir daha nümayiş etdirir.
Konfransın fəxri sədri Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova, sədri isə AzMİU-nun elm və innovasiya məsələləri üzrə prorektoru, professor Nigar Aslanovadır. Elmi komitənin həmsədrləri dünyaşöhrətli alim, AzMİU rektorunun müşaviri, professor Məsud Əfəndiyev və Gürcüstanın riyaziyyatçı alimi, professor Roland Duduçavadır.
Elmi komitədə Azərbaycan, Almaniya, Kanada, Çin, İtaliya, Avstriya, Serbiya, Yunanıstan, Türkiyə, Yaponiya, Polşa, Hindistan, Cənubi Koreya və digər ölkələrin nüfuzlu universitet və elmi mərkəzlərini təmsil edən tanınmış alimlər yer alıblar.
Elmin ən aktual istiqamətləri müzakirə olunur
Konfransın əsas məqsədi riyaziyyat, tətbiqi riyaziyyat, mexanika və onların müxtəlif elm və texnologiya sahələrində tətbiqləri üzrə son elmi nailiyyətlərin müzakirəsi, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, alimlər arasında təcrübə mübadiləsinin təşviqi və yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsidir.
AzMİU-nun elm və innovasiya məsələləri üzrə prorektoru, professor Nigar Aslanovanın moderatorluğu ilə keçirilən açılış mərasimində universitetin tədris işləri üzrə prorektoru, professor Akif Qasımov, Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnsitutunun direktor əvəzi, professor Elxan Səbziyev, AzMİU rektorunun müşaviri, Dünya Azərbaycanlı Alimlər Birliyinin İdarə Heyətinin sədri, professor, dünya şöhrətli alim Məsud Əfəndiyev və digərləri çıxış edərək konfransın əhəmiyyətinə diqqət çəkiblər.
Daha sonra təşkil olunan plenar iclasda dünyanın müxtəlif ölkələrindən olan nüfuzlu alimlər məruzələrlə çıxış ediblər.
“Springer Nature” nəşriyyat qrupunun nümayəndəsi Tatyana Qolea beynəlxalq elmi nəşrlər və nüfuzlu jurnallarda çap imkanlarına dair təqdimatla çıxış edib. Almaniyanın Helmholts Mərkəzinin professoru Məsud Əfəndiyev biomatematika və ictimai sağlamlıq, Serbiyanın Niş Universitetinin professoru Lyubişa Koçinats müasir analiz nəzəriyyəsi, AzMİU-nun professoru Kamil Aydazadə hidravlik şəbəkələrdə hesablama problemləri, Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunun Qeyri-harmonik analiz şöbəsinin müdiri, akademik Bilal Bilalov isə elliptik tənliklər sahəsində son elmi nailiyyətlər barədə məruzə təqdim ediblər.
Konfransın ikinci günündə Kanada, Gürcüstan və Azərbaycanın aparıcı alimlərinin çıxışları ilə plenar iclaslar davam etdiriləcək. York Universitetinin professoru Men Va Vonq, Gürcüstan Universitetinin professoru Roland Duduçava və Bakı Dövlət Universitetinin professoru Vaqif Quliyev müasir riyaziyyatın aktual problemlərinə dair məruzələr təqdim edəcəklər. Eyni zamanda, Hindistanın Cənubi Asiya Universitetindən professor Pənkaj Ceyn, Türkiyənin Bilkent Universitetindən professor Aleksandr Qonçarov, Antalya Elm Universitetindən professor Vəli Şaxmurov və ABŞ-nin Alabama Universitetindən professor Rişad Şaxmurov onlayn formatda çıxış edəcəklər.
Süni intellektdən “ağıllı bina”lara qədər
Konfrans çərçivəsində keçiriləcək bölmə iclaslarında ABŞ, Almaniya, Kanada, İtaliya, Avstriya, Polşa, İsrail, Yaponiya, Türkiyə, Serbiya, Hindistan, Özbəkistan, İraq, Malayziya, Qətər, Çexiya, Gürcüstan və digər ölkələrin alimləri öz elmi nəticələrini təqdim edəcəklər.
Sessiyalarda diferensial tənliklər, funksional analiz, operator nəzəriyyəsi, optimallaşdırma problemləri, biomatematika, süni intellekt və maşın öyrənməsi, rəqəmsal texnologiyalar, kiberdayanıqlılıq, riyazi modelləşdirmə, struktur mexanikası, kompozit materiallar, enerji səmərəliliyi, nəqliyyat-logistika sistemləri, sənayedə süni intellektin tətbiqi və digər aktual istiqamətlər üzrə yüzlərlə elmi məruzə dinləniləcək.
Mühəndislik və tətbiqi elmlər istiqamətində aparılacaq müzakirələrdə “ağıllı binalar”, rəqəmsal əkiz sistemləri, IoT əsaslı idarəetmə modelləri, kiberfiziki sistemlər, innovativ tikinti texnologiyaları və müasir mühəndis həlləri xüsusi yer tutacaq.
AzMİU alimlərinin tədqiqatları beynəlxalq auditoriyaya təqdim olunacaq
Konfrans proqramında AzMİU alimlərinin elmi nəticələri də geniş şəkildə təqdim ediləcək. Universitetin professor-müəllim heyəti tərəfindən riyazi analiz, inteqro-diferensial tənliklər, qeyri-lokal sərhəd məsələləri, optimallaşdırma problemləri, seysmik təhlükəsizlik, tikinti konstruksiyalarının möhkəmliyi, ağıllı yaşayış binalarında istilik rejimlərinin modelləşdirilməsi, dayanıqlı tikinti materialları, mühəndis sistemləri və ekoloji modelləşdirmə sahələrində əldə olunmuş yeniliklər beynəlxalq elmi ictimaiyyətlə bölüşüləcək.
İyunun 25-də keçiriləcək bağlanış mərasimində konfransın yekunları elan olunacaq, yeni elmi tərəfdaşlıqlar və birgə tədqiqat layihələri üzrə perspektivlər müzakirə ediləcək.
Qeyd edək ki, MPMMA 2026 beynəlxalq konfransı AzMİU-nun qlobal elmi məkanla inteqrasiyasının gücləndirilməsi, universitetdə aparılan fundamental və tətbiqi tədqiqatların beynəlxalq səviyyədə tanıdılması, eləcə də yeni əməkdaşlıq və innovasiya platformalarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu tədbir bir daha göstərir ki, AzMİU təkcə mühəndis və memar hazırlayan ali məktəb deyil, həm də regionun nüfuzlu beynəlxalq elm mərkəzlərindən birinə çevrilməkdədir.


















.webp)









.jpg)
















.webp)



