Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən “QS Higher Ed Summit: Europe 2026” çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndə heyəti Çinin Makao Texniki Universitetinin nümayəndələri ilə görüş keçirib.
"Unikal" xəbər verir ki, AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Makao Texniki Universitetinin rəhbər heyəti arasında baş tutan görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq imkanları və gələcək perspektivlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tərəflər təhsil və elm sahəsində birgə layihələrin həyata keçirilməsi, akademik heyət və tələbə mübadiləsi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, beynəlxalq proqramlarda birgə iştirak və digər istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Müzakirələr zamanı beynəlxalq universitet reytinqlərində ali təhsil müəssisələrinin mövqeyinin gücləndirilməsi, bu istiqamətdə qabaqcıl təcrübələrin paylaşılması və beynəlxalq tanınmanın artırılması məsələləri də diqqət mərkəzində olub. Tərəflər reytinq göstəricilərinin yaxşılaşdırılması, akademik nüfuzun artırılması və strateji tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi və gələcək əməkdaşlıq perspektivlərinin nəzərdən keçirilməsi ilə başa çatıb.






















































