İndoneziyanın Şərqi Yava bölgəsində yerləşən Kawah Ijen vulkanı turistlər üçün füsunkar mənzərə təqdim etsə də, burada dünyanın ən təhlükəli peşələrindən biri ilə məşğul olan yüzlərlə insan çalışır.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, vulkanın kraterində yerləşən turşu gölünün ətrafında işləyən kükürd mədənçiləri hər gün zəhərli qazların arasında həyatlarını riskə atırlar.
Belə ki, onlar müasir qoruyucu avadanlıq olmadan, yalnız ağız və burunlarını yaş parça ilə örtərək yüksək konsentrasiyalı kükürd qazları arasında saatlarla işləyirlər. Bu şərait işçilərdə ağır tənəffüs yolu xəstəliklərinə səbəb olur və onların ömür müddətini əhəmiyyətli dərəcədə azaldır.
Mədənçilər qazların soyuması nəticəsində əmələ gələn bərk kükürd parçalarını qıraraq bambuk səbətlərə yığır və çəkisi 70-90 kiloqram arasında dəyişən yükləri çiyinlərində dik və təhlükəli yamac boyunca daşıyırlar. Sürüşkən qayalar və turşu gölünə yaxınlıq səbəbindən hər yanlış addım ölümcül nəticə verə bilər.
Bütün bu risklərə baxmayaraq, işçilər topladıqları hər kiloqram kükürd üçün təxminən 1 000 İndoneziya rupisi (təxminən 0,07 ABŞ dolları) qazanırlar. Gündə ən çox iki dəfə bu marşrutu qət edə bilən mədənçilərin gündəlik gəliri orta hesabla 8-15 ABŞ dolları (təxminən 13-15 AZN) arasında dəyişir.
Turizmin inkişafı ilə bəzi mədənçilər əridilmiş kükürddən hazırladıqları suvenirləri turistlərə sataraq və ya ziyarətçiləri əl arabaları ilə kraterə daşıyaraq əlavə gəlir əldə etməyə çalışırlar. Buna baxmayaraq, Kawah Ijen-də kükürd mədənçiliyi dünyanın ən ağır və təhlükəli peşələrindən biri hesab olunur.




.jpg)
















































