İsti yay günlərində həm orqanizmin su balansını qorumağa kömək edən, həm də sərinləşdirici təsir göstərən qarpız və yemişə tələbat əhəmiyyətli dərəcədə artır.
"Unikal" xəbər verir ki, vitamin və minerallarla zəngin olan bu meyvələri alarkən bir sıra vacib məqamlara diqqət yetirmək lazımdır. İlk növbədə, məhsulun xarici görünüşü qiymətləndirilməlidir. İstehlakçılar qarpız və yemiş alarkən onun rənginə, bərkliyinə, ölçüsünə, saplağına fikir verməlidirlər. Üzərində müşahidə olunan sarı ləkələr məhsulun torpaqla təmas etdiyi yerlərdir.
Qabığının hamar, səthinin parlaq olması qarpızın təzə və yetişmiş olduğuna işarə edir. Əksinə, mat və solğun görünüş köhnəliyin əlaməti hesab olunur. Saplağının yaşıl rəng olması qarpızın hələ tam yetişmədiyinin, qurumuş olması isə yetişmiş olduğunun göstəricisidir. Qarpız və yemişin üzərində çürük və çatlar olmamalıdır.
Bundan başqa, qarpız və yemiş torpaqla təmasda yetişdiyindən onların səthinin müxtəlif mikroorqanizmlərlə çirklənmə ehtimalı var. Qida mənşəli risklərin qarşısını almaq üçün qarpız və yemiş kəsilməzdən əvvəl axar su altında yaxşıca yuyulmalı, təmiz və quru bıçaqla doğranmalıdır.
Ümumiyyətlə, qarpız və yemişin kəsilən gün istehlak olunması məsləhətdir. Bütöv qarpızı 10-15°C, xırda hissələrə doğranılmış qarpızı isə ağzı kip qapaqlı qablarda +5°C temperaturda saxlanılması məsləhət görülür




















































