17 iyun – tibb işçilərinin peşə bayramı günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən başçının birinci müavini Emil Abbasov, rayon icra hakimiyyətinin məsul əməkdaşları, rayonun tibb müəssisələrinin rəhbərləri, həkimlər və tibb ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
"Unikal" xəbər verir ki, tədbiri giriş sözü ilə açan Emil Abbasov səhiyyə sahəsində çalışan bütün tibb işçilərini peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik etmiş, onların cəmiyyət qarşısındakı əvəzsiz xidmətlərini və fədakar əməyini yüksək qiymətləndirmişdir. O bildirmişdir ki, insan sağlamlığının keşiyində dayanmaq böyük məsuliyyət, yüksək peşəkarlıq və humanizm tələb edən müqəddəs bir peşədir. Tibb işçiləri öz zəhmətləri, biliyi və qayğıkeş münasibətləri ilə insanların sağlamlığının qorunmasına, həyat keyfiyyətinin yüksəldilməsinə və cəmiyyətin rifahına mühüm töhfə verirlər.
Emil Abbasov qeyd etmişdir ki, Ümummilli Lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk Səhiyyə Nazirliyinin yaradıldığı gün – 17 iyun ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu əlamətdar gün dövlətimizin səhiyyə sahəsində çalışan insanların əməyinə verdiyi yüksək dəyərin və onlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Çıxış zamanı vurğulanmışdır ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə səhiyyə sisteminin müasirləşdirilməsi istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilir. Yeni müalicə və diaqnostika mərkəzləri tikilərək istifadəyə verilir, mövcud tibb müəssisələri əsaslı şəkildə yenidən qurulur, ən müasir tibbi avadanlıqlarla təchiz edilir. Dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsaitin ildən-ilə artırılması, əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması, icbari tibbi sığorta sisteminin uğurla tətbiqi və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir.
Tədbirdə xüsusi olaraq qeyd olunmuşdur ki, ixtisasca həkim olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva səhiyyə sahəsinin inkişafına, tibb işçilərinin fəaliyyətinin dəstəklənməsinə və əhalinin sağlamlığının qorunmasına daim xüsusi həssaslıqla yanaşır. Onun təşəbbüsü və dəstəyi ilə həyata keçirilən çoxsaylı sosial və humanitar layihələr ölkəmizdə səhiyyənin inkişafına mühüm töhfələr vermiş, tibb ictimaiyyəti tərəfindən yüksək rəğbətlə qarşılanmışdır.
Tədbirdə səhiyyə sahəsində səmərəli fəaliyyəti, peşəkarlığı və nümunəvi xidməti ilə fərqlənən bir qrup tibb işçisinə Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən fəxri təşəkkür plaketləri təqdim olunmuşdur.
Təltifetmə mərasimindən sonra çıxış edən Lökbatan Tibb Mərkəzinin direktoru, tibb elmləri doktoru, professor Elçin Hüseynov Qaradağ rayonunun bütün tibb işçiləri adından göstərilən yüksək diqqətə, səhiyyə işçilərinin əməyinə verilən yüksək qiymətə və təşkil olunmuş tədbirə görə dərin minnətdarlığını bildirmişdir.
Professor Elçin Hüseynov qeyd etmişdir ki, tibb işçilərinin əməyinin qiymətləndirilməsi onlara göstərilən böyük etimadın və dövlət qayğısının təzahürüdür. O vurğulamışdır ki, bu cür diqqət səhiyyə əməkdaşlarını daha məsuliyyətli fəaliyyət göstərməyə, peşəkarlıqlarını daim artırmağa və vətəndaşlara yüksək səviyyəli tibbi xidmət göstərməyə ruhlandırır.
Çıxışında professor Elçin Hüseynov rayonun bütün tibb işçilərinin bundan sonra da dövlətçiliyimizə sadiq qalaraq, xalqımızın sağlamlığının qorunması naminə var qüvvələri ilə çalışacaqlarını, hər zaman Vətənə, dövlətə və Azərbaycan xalqına vicdanla və ləyaqətlə xidmət edəcəklərini bildirmişdir. O, tibb işçilərinin üzərlərinə düşən şərəfli missiyanı bundan sonra da yüksək məsuliyyət hissi ilə yerinə yetirəcəklərini, ölkəmizin inkişafı və vətəndaşlarımızın sağlam gələcəyi naminə bütün bilik və bacarıqlarını səfərbər edəcəklərini xüsusi vurğulamışdır.
Sonda tədbir iştirakçıları ölkəmizdə səhiyyə sahəsinə göstərilən davamlı dövlət qayğısına və tibb işçilərinə verilən yüksək dəyərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə etmiş, xalqın sağlamlığının keşiyində dayanmağın hər bir tibb işçisi üçün böyük şərəf, ali vəzifə və müqəddəs məsuliyyət olduğunu bir daha vurğulamışlar.
















.jpeg)




















.png)

.png)







