Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Naxçıvan şəhərində silsilə tədbirlər təşkil edib.
"Unikal" xəbər verir ki, səfər çərçivəsində rayon təşkilatının gəncləri, könüllüləri və fəalları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini, Şəhidlər Xiyabanını və Zəfər Parkını ziyarət edərək Ümummilli Liderin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub, burada Ulu Öndərin Naxçıvan dövründəki fəaliyyəti və dövlətçilik xidmətlərini əks etdirən eksponatlarla tanış olub. Bildirilib ki, 1999-cu ildən fəaliyyət göstərən Heydər Əliyev Muzeyinin fondunda 5500-dən artıq eksponat qorunur. Muzeydə nümayiş olunan materiallar Ümummilli Liderin ictimai-siyasi fəaliyyəti, dövlətçilik irsi və həyat yolunu əks etdirən kitablar, qəzet və jurnallar, tarixi qərar və sərəncamlar, müqavilələr, məktublar, şəxsi əşyalar, portretlər, fotolar və sənədli filmlərdən ibarətdir.
Sonra YAP Nizami rayon və Naxçıvan şəhər təşkilatlarının, eləcə də Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Naxçıvandan başlayan qurtuluş məfkurəsi: Heydər Əliyev yolu və müasir Azərbaycan” mövzusunda tədbir təşkil olunub.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və partiyanın Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli çıxış edərək Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin tarixində mühüm dönüş nöqtəsi olduğunu vurğulayıblar. Qeyd olunub ki, bu tarixi gün ölkədə sabitliyin, inkişafın və müasir dövlət quruculuğunun əsasını qoyub. Çıxışlarda Naxçıvanın Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində və Yeni Azərbaycan Partiyasının formalaşması prosesində xüsusi yer tutduğu diqqətə çatdırılıb.
Tədbir çərçivəsində Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib.
Sonra bədii hissə təqdim olunub.
Tədbirdən sonra YAP Naxçıvan şəhər təşkilatında görüş keçirilib. Görüşdə gənclərin ictimai-siyasi proseslərdə iştirakı və qarşılıqlı əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Naxçıvana səfər çərçivəsində iştirakçılar şəhərin tarixi-mədəni və dini irs nümunələri ilə də yaxından tanış olublar. Onlar Bayraq Meydanı və Muzeyi, Came Məscidi, Heydər Məscidi, Möminəxatın məqbərəsi, Açıq Səma Altında Muzey Kompleksi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq muzeyi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Nuh Türbəsi, Yusif Küseyr oğlu Türbəsi, Hüseyn Cavid Məqbərəsi və Ev Muzeyi, Duzdağ Fizioterapiya Mərkəzi, Açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyi ilə tanış olub, həmçinin Əshabi-Kəhf ziyarətgahını ziyarət ediblər.

























.jpeg)





















