Kamboca Krallığı Senatının ikinci vitse-prezidenti, Kamboca Xalq Partiyası Mərkəzi Komitəsinin Daimi Komitəsinin üzvü Tun Vathana Azərbaycanda keçirilən “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfransla bağlı təşəkkür məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, Tun Vathana məktubunda konfransda iştirak etmək imkanına görə təşkilatçılara və Yeni Azərbaycan Partiyasına minnətdarlığını ifadə edib. O, tədbirin sülh quruculuğu, transsərhəd iqtisadi əməkdaşlıq və regional münaqişələrin həlli istiqamətində fikir mübadiləsi aparılması baxımından mühüm platforma olduğunu vurğulayıb.

Kambocalı siyasətçi, həmçinin tədbirin yüksək səviyyədə təşkil olunmasını, nümayiş etdirilən peşəkarlıq və koordinasiyanı xüsusi qeyd edib.

Məktubda Azərbaycana səfəri zamanı ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf proseslərini heyranlıqla müşahidə etdiyini bildirən Tun Vathana Qarabağda qısa müddətdə əldə olunan bərpa və quruculuq işlərini yüksək qiymətləndirib. O qeyd edib ki, regionda sülhün təmin olunması təkcə Azərbaycan üçün deyil, bütövlükdə beynəlxalq ictimaiyyət üçün mühüm əhəmiyyət daşıyır.

Tun Vathana vurğulayıb ki, Kamboca Xalq Partiyasının Sədri Samdek Hun Sen Azərbaycanla münasibətlərə böyük önəm verir. O, Azərbaycan ilə Kamboca arasında dostluq və tərəfdaşlıq əlaqələrinin, xüsusilə Yeni Azərbaycan Partiyası ilə Kamboca Xalq Partiyası arasında əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini bildirib.

Məktubun sonunda Tun Vathana göstərilən qonaqpərvərliyə, dəstəyə və nümayəndə heyətinə ayrılan vaxta görə təşəkkürünü ifadə edərək, Azərbaycan və Kamboca xalqları arasında dostluq münasibətlərinin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini bildirib.