17 iyun 2026-cı il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi və Neftçala Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin təşkilatçılığı ilə Tibb İşçiləri Günü münasibətilə tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının və hüquq-mühafizə orqanlarının rəhbərləri, xəstəxanada çalışan şəhid ailə üzvləri, tibb müəssisələrinin rəhbərləri, xəstəxananın kollektivi iştirak ediblər.

Tədbirdən əvvəl iştirakçılar tərəfindən Ümummilli lider Heydər Əliyevin Neftçala şəhərində ucaldılan əzəmətli heykəli ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb və Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Akademik Zərifə xanım Əliyevanın, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş nitqi ilə açaraq qonaqları salamlayan Neftçala Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Elman Quliyev, onların tədbirdə iştirakını öz peşəsinə qəlbən bağlı olan həkimlərin əməyinə göstərilən yüksək ehtiram kimi qiymətləndirib və tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib. O, çıxışında ölkə səhiyyəsində mütəmadi qazanılan uğurlardan bəhs edərək, bu nailiyyətlərə və göstərilən böyük diqqətə görə tibb kollektivinin adından ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını çatdırıb.

Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla yürüdülən səhiyyə strategiyası sayəsində respublikamızda tam müasir və qabaqcıl tibb şəbəkəsinin yaradıldığını qeyd edib. Neftçala rayonunda da səhiyyə müəssisələrinin maddi-texniki imkanlarının genişləndirilməsinin, sakinlərin daha keyfiyyətli müalicə və müayinə ilə təmin olunmasının daimi nəzarətdə saxlanıldığını vurğulayıb. Bəşəriyyətin böyük sınaqla üz-üzə qaldığı koronavirus pandemiyası dövrünü xüsusi xatırladan icra başçısı, həmin çətin günlərdə görünməz düşmənə qarşı ön cəbhədə vuruşan həkimlərin və bütün tibb heyətinin misilsiz bir fədakarlıq və qəhrəmanlıq nümayiş etdirdiyini bildirib. Vətən müharibəsi günlərində və postmüharibə dövründə istər ön cəbhədə, istərsə də arxada böyük əzmkarlıqla çalışan, yaralı əsgərlərimizin sağalması üçün gecəni gündüzünə qatan fədakar tibb heyətinə minnətdarlığını bildirərək xəstəxana kollektivində yer alan şəhid ailələrinə və müharibə iştirakçılarına yüksək diqqətlə yanaşmağın hamının mənəvi vəzifəsi olduğunu xatırladıb. Bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri çərçivəsində tibb sahəsinin də sürətlə inkişaf etdiyini, müasir tibb müəssisələrinin qurulduğunu və doğma yurduna qayıdan soydaşlarımıza yüksək səviyyəli tibbi xidmətin göstərildiyini diqqətə çatdırıb. RİH-nin başçısı insanların sağlamlığının qorunması üçün yorulmadan çalışan bütün həkim və tibb işçilərini bayram günü münasibətilə səmimi qəlbdən təbrik edərək onlara çətin və şərəfli fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb, O, səhiyyə işçilərinin bundan sonra da öz müqəddəs və humanist vəzifələrini layiqincə yerinə yetirərək rayon əhalisinə yüksək vicdanla xidmət göstərəcəklərinə tam əmin olduğunu ifadə edib.

Daha sonra çıxış edənlər - Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova, Səhiyyə İşçiləri Həmkarlar İttifaqının Rayon Şurasının sədri Nəcibə Abdullayeva, xəstəxananın pediatriya şöbəsinin müdiri Faiq Hüseynov, xəstəxananın Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin müdiri Füzuli Mehtiyev, Neftçala şəhər Ailə Sağlamlıq Mərkəzinin müdiri Yeganə Quliyeva ölkəmizdə tibb sektorunun inkişafına ayrılan diqqətdən və tibbi xidmətlərin səviyyəsinin getdikcə yüksəlməsindən söz açıblar. Natiqlər cəmiyyətdə ağxalatlı həkimlərin böyük nüfuz daşıdığını vurğulamaqla yanaşı, şəhid ailələrinə göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını çatdırıblar. Bütün tibb işçilərini peşə bayramı münasibətilə təbrik edən çıxışçılar onlara işlərində müvəffəqiyyətlər diləyərək səhiyyə sisteminin müasirləşdirilməsinə verilən böyük dəstəyə görə ölkə rəhbərliyinə dərin təşəkkürlərini ifadə ediblər.

Çıxışlardan sonra iş fəaliyyətində fərqlənən və əhalinin sağlamlığının qorunmasında göstərdikləri səmərəli fəaliyyətlərinə, eləcə də yaş həddi ilə əlaqədar təqaüdə çıxan bir qrup tibb işçilərinə Neftçala Rayon İcra Hakimiyyəti başçısının və Neftçala Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Fəxri Fərmanları və hədiyyələri təqdim olunub.

Tədbir çərçivəsində tibb işçilərinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub, xatirə şəkilləri çəkilib.