İyulun 1-də Qazax Rayon İcra Hakimiyyəti və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 2026-cı il “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Azərbaycan milli memarlığının inkişafı - keçmişdən gələcəyə” başlıqlı tədbir keçirilib.

"Unikal" xəbər verir ki, mərkəzdə keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Qazax rayonu üzrə abidə mühafizəçiləri, təhsil, mədəniyyət, səhiyyə işçiləri, könüllülər, KİV nümayəndələri iştirak ediblər.                                 

Tədbirdə kitab və Azərbaycanın memarlıq nümunələrini əks etdirən rəsmlərdən ibarət sərgiyə baxış keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. “Heydər Əliyevin müasir Azərbaycan memarlığına töhfələri” filmi nümayiş etdirilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşərək 2026-cı il “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş tədbirin əhəmiyyətindən söz açıb. Rayon rəhbəri Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edildiyini, bu sərəncamın Azərbaycanın memarlıq irsinin yenidən dəyərləndirilməsi üçün geniş imkanlar yaratdığını diqqətə çatdırıb. İcra başçısı qeyd edib ki, “Şəhərsalma və Memarlıq İli” yalnız simvolik elan deyil, həm də şəhər mədəniyyətinin inkişafına çağırış kimi dəyərləndirilə bilər. Bu çağırış daha keyfiyyətli ictimai məkanların yaradılmasını, regionların inkişafını, mədəni irsin qorunmasını və gələcək nəsillər üçün daha dayanıqlı yaşayış mühitinin qurulmasını əhatə edir. Azərbaycanın şəhərsalma və memarlıq tarixində keyfiyyətcə yeni mərhələ Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

"Dünya ümumiyyətlə quruculuqla, tikib yaratmaqla yaşayıb, inkişaf edib", - deyən Heydər Əliyev öz siyasətində bu sahəyə həmişə böyük diqqət ayırmışdı. Ulu Öndərin hakimiyyəti dövründə şəhərsalma ilk dəfə olaraq ayrıca sahə kimi deyil, dövlət quruculuğunun tərkib hissəsi kimi dəyərləndirilirdi. Ulu Öndərin əsasını qoyduğu və bu gün cənab Prezident İlham Əliyev tərəfindən mükəmməl şəkildə davam etdirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının qəbul edilməsi bölgələrimizin simasını tamamilə modernləşdirib. Hazırda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində bu ərazilərdə müasir planlaşdırma prinsiplərinə əsaslanan, “yaşıl enerji”, “ağıllı” şəhər və kənd modellərini birləşdirən yeni yaşayış mühiti formalaşdırılır. Bu layihələr əslində Heydər Əliyevin yarımçıq qalmış arzularının və onun gələcəyə uzanan böyük memarlıq körpüsünün ən parlaq təzahürüdür. İcra başçısı bildirib ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi isə təsadüfi qərar deyil. Bu addım 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” ilə başlanan ideoloji xəttin məntiqi davamıdır. Dövlət bu qərarla göstərir ki, suverenlik yalnız siyasi və hüquqi kateqoriya deyil, eyni zamanda, məkanın, şəhərin və yaşayış mühitinin milli iradəyə uyğun qurulmasıdır. Bu təşəbbüs şəhərsalma və memarlığı milli kimliyin qorunması, mədəni irsin yaşadılması və dayanıqlı gələcəyin təmin edilməsi kontekstində birləşdirir. Şəhər mühiti sadəcə yaşayış sahəsi olmaqla yanaşı, sosial ədalətin, ekoloji tarazlığın və ictimai rifahın reallaşdığı məkan kimi təqdim olunur. Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlığı, milli şəhərsalma forumlarının təşkili və 2026-cı ildə Dünya Şəhərsalma Forumunun (WUF-13) Bakıda keçirilməsi ölkənin qlobal şəhərsalma gündəliyində artan rolunu təsdiqlədi.

Çıxış edənlər “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncamın müasir dövrdə memarlığın və şəhərsalmanın ölkəmizin həyatında və insanların yaşadığı sağlam, əlverişli mühitin formalaşmasında oynadığı əhəmiyyətli rolun göstəricisi olduğunu bildiriblər. Bu əlamətdar ilin Azərbaycan şəhərlərinin tarixi irsinin qorunması ilə yanaşı, müasir, dayanıqlı və insan mərkəzli şəhər mühitinin formalaşdırılmasına, eyni zamanda yeni nəsil memar və mühəndislərin peşəkar inkişafına güclü təkan və töhfə verəcəyini söyləyiblər.