Beynəlxalq Nəqliyyat Forumu (BNF) “Effektiv əlçatanlığın təmin edilməsi” adlı hesabat açıqlayıb. Əlilliyi olan şəxslər üçün əlçatan nəqliyyat sistemlərinin formalaşdırılmasına dair hesabatda uğurlu təcrübələr ümumiləşdirilib və hökumətlər üçün siyasət tövsiyələri hazırlanıb.
"Unikal" xəbər verir ki, əsas tövsiyələrdən biri əlçatanlıq sahəsində koordinasiyalı fəaliyyətə imkan verən idarəetmə strukturlarının yaradılmasıdır. Bu kontekstdə Azərbaycanın təcrübəsi nümunə kimi qeyd edilib. Ölkəmizə həsr olunan xüsusi araşdırmada nəqliyyat sahəsində institusional islahatlar və əlçatanlığın təşviqi istiqamətində görülən tədbirlər geniş şəkildə əksini tapıb. Vurğulanıb ki, 2023-cü ildə yaradılan Nəqliyyatı Əlaqələndirmə Şurası nəqliyyat siyasətinin vahid yanaşma əsasında formalaşdırılmasını, nəqliyyatın bütün növləri üzrə qərarların koordinasiyalı şəkildə qəbulunu təmin edir.
Sənəddə, həmçinin Azərbaycanın dövlət satınalmaları sahəsindəki yanaşması xüsusi qeyd olunub. Bildirilib ki, ictimai nəqliyyat vasitələrinin satın alınması zamanı əlçatanlıq tələbləri texniki qiymətləndirmənin vacib elementlərindən biri kimi nəzərə alınır.
Qeyd olunub ki, “Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025 – 2030-cu illər üçün Dövlət Proqramı” əlçatan və dayanıqlı şəhər mobilliyinin inkişafı istiqamətində mühüm strateji çərçivə rolunu oynayır. Hesabat müəllifləri bu yanaşmanı təhlükəsiz, əlçatan və dayanıqlı şəhər mobilliyi istiqamətində kompleks siyasət tədbirləri kimi qiymətləndiriblər.
Beynəlxalq Nəqliyyat Forumunun sözügedən hesabatı Azərbaycanın nəqliyyat sahəsində həyata keçirdiyi islahatların, Nəqliyyatı Əlaqələndirmə Şurasının fəaliyyətinin beynəlxalq səviyyədə qabaqcıl təcrübə kimi tanındığını bir daha təsdiqləyir.
































.webp)





.jpg)













