İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov mətbuata bəyanatlarla çıxış ediblər.

"Unikal" xəbər verir ki, bəyanatla çıxış edən Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov İkitərəfli əlaqələrimizin möhkəmləndirilməsinə Azərbaycan Prezidentinin böyük şəxsi töhfəsini xüsusi qeyd etdi. Türkmənistanın dövlət başçısı buna görə minnətdarlığını bildirdi.

“Dostlug” neft tankerinin hədiyyə olunmasına görə də təşəkkür edən Sərdar Berdiməhəmmədov bunu ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin rəmzi kimi qəbul etdiklərini vurğuladı, bu tankerin ölkələrimizin tərəqqisinə töhfə verəcəyinə və uğurlu əməkdaşlığımızın daha bir təzahürü olacağına əminliyini ifadə etdi.

Ali qonaq Türkmənistanın Azərbaycanla əməkdaşlığın daha da inkişafına böyük əhəmiyyət verdiyini deyərək, ölkələrimizi və xalqlarımızı əsrlər boyu mehriban qonşuluq ənənələri, ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərin birləşdirdiyini vurğuladı.

“Yekun olaraq qeyd etmək istərdim ki, Azərbaycan Respublikası tərəqqi və çiçəklənmə yolu ilə inamla irəliləyir”, - deyən ali qonaq qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və davamlı tərəqqi arzuladı.

Qeyd edək ki, tanker Bakı Gəmiqayırma Zavodunda inşa edilib. 7875 ton dedveytə malik 141 metr uzunluğundakı gəmi, Azərbaycanın gəmiqayırma sənayesinin inkişafının və iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsinin daha bir sübutudur.