Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə cərimə dəyişir, məsuliyyətdən azad edilmə halı olacaq.
"Unikal" xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.
Qüvvədə olan qanuna əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. “Az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.
Layihəyə əsasən, “dispozisiyadan "az miqdarda" sözü çıxarılır, sanksiya azaldılır, inzibati məsuliyyətdən azat etmə halı müəyyənləşir. Başqa sözlə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə ediləcək.
Nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı barəsində icraat aparılan şəxs inzibati xəta haqqında iş üzrə məhkəmə və ya digər səlahiyyətli orqan (vəzifəli şəxs) qərar qəbul edənədək xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytardıqda inzibati məsuliyyətdən azad ediləcək.



















.jpg)


































