Azərbaycan İdman Akademiyasının (ASA) Tədris işləri üzrə prorektoru Ülkər Babayevanın rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfər çərçivəsində Macarıstan İdman Elmləri Universitetində olub.

"Unikal" xəbər verir ki, ASA-nın nümayəndə heyəti universitetin rektoru Tamaş Sterbenz və ali təhsil müəssisəsinin digər struktur rəhbərləri ilə görüş keçirib.Görüşdə 2026-cı il yanvarın 23-də imzalanmış niyyət məktubuna uyğun olaraq iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsi, professor-müəllim heyəti və tələbə mübadiləsi məsələləri müzakirə edilib.

 

Tərəflər idman elmləri sahəsində birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, akademik proqramların qarşılıqlı tanınması, eləcə də təcrübə mübadiləsinin təşkili istiqamətində əməkdaşlığın inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparıblar.

Görüşün sonunda ASA-nın nümayəndə heyəti üçün təşkil olunan kampus turu zamanı universitetin infrastruktur imkanları ilə tanışlıq olub, bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi həyata keçirilib.