"Elektron ticarət yolları ilə malların alınması əsasən fiziki şəxslər tərəfindən həyata keçirilir. Burada rəqəmləri də açıqlamaq istərdim. 2025-ci ildə bu göstərici 1,2 milyondan çox insanı əhatə edib - onlar elektron ticarət vasitəsilə müxtəlif əşyaları xarici ölkələrdən sadələşdirilmiş qaydalar çərçivəsində əldə ediblər. Bunun ümumi həcmi 501 milyon ABŞ dolları təşkil edir".
"Unikal" xəbər verir ki, bunu "Report" və İTV-nin suallarını cavablandıran Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov deyib.
"Bu, ciddi bir rəqəmdir. Həmin vətəndaşlar tərəfindən 16 milyon bəyannamə təqdim olunub. Bu, sadələşdirilmiş prosedurlarla gətirilən mal həcmidir və yaxın coğrafiyada yerləşən ölkələrin təcrübəsinə nəzər salsaq, Azərbaycan bu sahədə lider mövqedədir. Vətəndaş yönümlü, sosial yönümlü ticarətin, elektron ticarətin dəstəklənməsi baxımından ölkəmiz öndədir. Bununla yanaşı, əlbəttə, burada qaydalara əməl olunması zəruridir, çünki elektron ticarət öz-özlüyündə hər hansı məhsulun tamamilə sərbəst şəkildə gətirilməsi anlamına gəlmir. Qaydalara riayət olunmalıdır - bəyannamədə gömrük dəyəri düzgün göstərilməlidir. Burada mütəmadilik prinsipi əhəmiyyətlidir, çünki bir sıra hallarda bəzi vətəndaşlar bundan sui-istifadə etməyə meyl göstərirlər. Çoxsaylı malları şəxsi istifadə adı altında ölkəyə gətirirlər, nəticədə gömrük ödənişlərindən yayınırlar. Bunun qarşısını almaq üçün biz hesab edirik ki, biznesə bu barədə məlumat veririk, onlarla görüşlər təşkil edirik. Artıq iyun ayının 1-dən elektron ticarət vasitəsilə alınan malların ölkəyə gətirilməsində "smart-customs" sistemində gömrük bəyannaməsinin tərtibi üçün yeni yanaşmalar tətbiq edilir. Artıq identifikasiya prosesi "ASAN İmza", "SİMA", "MyGOV QR" vasitəsilə reallaşdırılır. Bu həm şəffaflığı artırır, həm də dövlətimiz tərəfindən müəyyən edilmiş güzəştlərdən istifadə zamanı qaydalara riayətetmə səviyyəsini yüksəldir.
Biz əminik ki, bu ticarət növündən sui-istifadə edən şəxslər bundan sonra malları yalnız şəxsi istifadə məqsədilə xarici ölkədən gətirəcəklər, kommersiya məqsədli olduğu halda isə adi qaydada bəyan edərək, müvafiq gömrük ödənişlərini dövlət büdcəsinə ödəyəcəklər", - deyə DGK sədri qeyd edib.







.jpg)






.jpg)
.jpg)

























.jpg)















