Hər il iyunun 26-sı dünyada Narkomaniya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə təsis edilən bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkomaniyanın yaratdığı təhlükələrə diqqət çəkmək, cəmiyyətin maarifləndirilməsini gücləndirmək və dövlətlərin bu istiqamətdə əməkdaşlığını təşviq etmək məqsədi daşıyır.
Müasir dövrdə narkomaniya yalnız ayrı-ayrı şəxslərin sağlamlığına təsir göstərən problem deyil. Bu təhlükə ailələrin dağılmasına, cinayətkarlığın artmasına, gənclərin gələcəyinin məhv olmasına və bütövlükdə cəmiyyətin sosial rifahına ciddi zərbə vurur. Narkotiklərin qanunsuz dövriyyəsi isə transmilli cinayətkarlığın ən gəlirli sahələrindən biri hesab olunur və bir çox ölkələrin təhlükəsizlik sistemləri üçün ciddi çağırış olaraq qalır.
Son illər dünyada sintetik narkotiklərin yayılması, sosial şəbəkələr və internet üzərindən narkotik ticarətinin genişlənməsi bu sahədə mübarizəni daha da çətinləşdirib. Ekspertlərin fikrincə, narkomaniya ilə mübarizə yalnız hüquq-mühafizə tədbirləri ilə məhdudlaşmamalı, eyni zamanda maarifləndirmə, sosial dəstək və profilaktik tədbirlərlə müşayiət olunmalıdır.
Azərbaycanda da narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. Hüquq-mühafizə orqanları tərəfindən mütəmadi əməliyyatlar keçirilir, böyük həcmdə narkotik vasitələr dövriyyədən çıxarılır, gənclər arasında maarifləndirmə tədbirləri həyata keçirilir.
Rəsmi statistikalar göstərir ki, narkotiklərlə mübarizə istiqamətində aparılan tədbirlər 2026-cı ildə də davam etdirilib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məlumatına görə, cari ilin yanvar-may aylarında hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3766 cinayət faktı aşkarlanıb. Onlardan 890-ı narkotik vasitələrin qanunsuz satışı, 2841-i qanunsuz əldə edilib saxlanılması, 33-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib-becərilməsi, 2-si isə digər cinayət faktları ilə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə 4 ton 263 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə müsadirə edilib. Müsadirə olunan narkotiklərin böyük hissəsini marixuana təşkil edib. Rəsmi məlumatda qeyd olunur ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin ümumi bazar dəyəri 111 milyon manatdan çox qiymətləndirilir.
Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 2110 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 25-i xarici ölkə vətəndaşıdır. Eyni zamanda, narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi ilə bağlı 73 fakt aşkarlanıb və bu faktlar üzrə 1 tondan artıq narkotik vasitə dövriyyədən çıxarılıb.
Mübarizə tədbirləri çərçivəsində müsadirə edilmiş narkotik vasitələrin məhv edilməsi istiqamətində də işlər görülüb. Belə ki, 2026-cı il yanvarın 30-da Dövlət Komissiyası tərəfindən 25 məhkəmə və istintaq qərarı əsasında 858 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, minlərlə həb və ampul yandırılaraq məhv edilib. Bundan əlavə, müxtəlif rayon və şəhərlərdə keçirilən tədbirlər zamanı yüzlərlə məhkəmə hökmü üzrə müsadirə olunmuş narkotik vasitələrin də məhv edilməsi təmin olunub.

Narkomaniyanın qarşısının alınması istiqamətində profilaktik tədbirlər də davam etdirilir. Cari ilin ilk beş ayı ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti qurumların iştirakı ilə 110 maarifləndirici tədbir və sosial aksiya keçirilib. Həmçinin "802" qaynar xəttinə daxil olan müraciətlər əsasında narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, istifadəçilərin müalicəyə cəlb olunması və ailələrə psixoloji dəstəyin göstərilməsi istiqamətində tədbirlər görülüb.
Bütün bunlar göstərir ki, narkomaniya və narkobizneslə mübarizə təkcə hüquq-mühafizə orqanlarının deyil, həm də cəmiyyətin, ailələrin və təhsil müəssisələrinin birgə fəaliyyətini tələb edən mürəkkəb sosial problem olaraq qalır.
Bəs hazırda Azərbaycanda narkomaniya ilə bağlı vəziyyət necədir? Gənclərin bu təhlükəli asılılığa sürüklənməsinin əsas səbəbləri nələrdir və problemin qarşısının alınması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı "Unikal"a açıqlama verən sosioloq Üzeyir Şəfiyev bildirib ki, narkomaniya artıq qlobal xarakter almış problemlərdən biridir və dünyanın bir çox ölkəsində milyonlarla insan bu bəladan əziyyət çəkir:

"Narkomaniya bu gün qlobal problemdir. Dünyanın bir çox ölkələrində geniş yayılıb və milyonlarla qurbanı var. Azərbaycanda da təəssüf ki, narkomanların sayında artım dinamikası müşahidə olunur. Rəsmi statistikaya nəzər saldıqda görürük ki, narkoloji qeydiyyatda olan şəxslərin sayı 40 mindən çoxdur. Maraqlı və narahatedici məqamlardan biri də qadınlar arasında narkoloji asılılığın artmasıdır. Rəsmi rəqəmlərə görə, artıq min nəfərdən çox qadın narkoloji qeydiyyatdadır. Kişilərin sayı daha çox olsa da, qadınlar arasında da artım tendensiyası müşahidə edilir.
Digər ciddi məqam narkomaniyanın gəncləşməsidir. Bu gün gənclər arasında narkotik istifadəçilərinin sayında artım müşahidə olunur. Bu isə gələcək nəsillər baxımından ciddi təhlükə hesab edilməlidir".
Sosioloq qeyd edib ki, problemin dərinləşməsinin bir sıra səbəbləri var və bunlardan biri Azərbaycanın yerləşdiyi coğrafi mövqedir:
"Azərbaycan elə bir bölgədə yerləşir ki, ətraf ölkələrdə narkomaniya problemi kifayət qədər geniş yayılıb. İran, Rusiya, Türkiyə və Gürcüstan kimi qonşu ölkələrdə narkotik istifadəçilərinin sayı milyonlarla ölçülür. Azərbaycan həm də tranzit bölgədir. Bu səbəbdən narkotik vasitələrin ölkəyə daxil olması və yayılması riskləri daim mövcuddur.
Digər tərəfdən, ölkə daxilində narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası ilə bağlı faktlar vaxtaşırı aşkarlanır. Hüquq-mühafizə orqanları bu istiqamətdə ciddi və qətiyyətli mübarizə aparır. Mütəmadi olaraq əməliyyatlar keçirilir, qanunsuz əkin sahələri aşkarlanır. Buna baxmayaraq, təəssüf ki, hələ də bəzi şəxslər bu fəaliyyətlə məşğul olurlar".
Ü.Şəfiyev hesab edir ki, narkomaniyaya qarşı mübarizədə mövcud metodologiyanın yenilənməsinə ehtiyac var:
"İllərdir narkotiklərin dövriyyəsinə və istifadəsinə qarşı mübarizə aparılır. Amma statistika göstərir ki, problem tam aradan qalxmır. Bu isə onu deməyə əsas verir ki, yanaşmalar və metodologiya yenidən nəzərdən keçirilməlidir. Həm hüquq-mühafizə orqanlarının fəaliyyətində, həm də maarifləndirmə istiqamətində yeni üsullara ehtiyac var.
Tədbirlər kampaniya xarakteri daşımamalıdır. Məktəblərdə, ali təhsil müəssisələrində, əmək kollektivlərində davamlı və sistemli iş aparılmalıdır. İnsanlar narkotiklərin yaratdığı təhlükələr barədə daha dolğun məlumatlandırılmalıdır. Eyni zamanda kollektivlərdə monitorinqlərin və müxtəlif yoxlamaların keçirilməsi də müəyyən mənada profilaktik təsir göstərə bilər".
Ekspert sosial şəbəkələrin təsirinə də diqqət çəkib:
"Bu gün gənclər əsasən sosial şəbəkələrdən istifadə edir. Təəssüf ki, bəzi hallarda narkotik istifadəsini təşviq edən və ya bu istiqamətdə təsir göstərən şəxslərin təsiri altına düşürlər. Hüquq-mühafizə orqanları bu istiqamətdə mübarizə aparsalar da, problem tam aradan qalxmayıb.
Ona görə də sosial şəbəkələr üzərindən maarifləndirmə daha da gücləndirilməlidir. Tibb mütəxəssisləri, psixoloqlar və digər peşəkarlar gənclərlə işləməli, sosial media üzərindən onların dilində danışmalıdırlar. Televiziya və digər informasiya vasitələri də bu prosesdə fəal iştirak etməlidir".
Sosioloqun sözlərinə görə, narkomaniya ilə mübarizə yalnız dövlət qurumlarının üzərinə düşən məsuliyyət deyil:
"Valideynlərin, məktəblərin, ictimai təşkilatların və dövlət qurumlarının birgə fəaliyyəti vacibdir. Ailələr övladlarına nəzarəti gücləndirməli, məktəblər və aidiyyəti qurumlar koordinasiyalı fəaliyyət göstərməlidir. Cəmiyyətdə narkotik istifadəsinə qarşı ictimai qınaq formalaşmalıdır.
İnsanlar düşünməməlidirlər ki, narkomaniya onların ailəsinə aid deyil. Bu problem domino effekti yaradır və nəticədə bütün cəmiyyətə təsir göstərir. Buna görə də həm maarifləndirmə üsulları yenilənməli, həm hüquqi mübarizə mexanizmləri təkmilləşdirilməli, həm də qabaqcıl beynəlxalq təcrübədən istifadə edilməlidir".
Murad İbrahimli


















.jpg)

.jpg)
.jpg)




.jpg)







.jpg)
.jpg)















