İyunun 19-da Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi münasibətilə "Vurğun İmzası: Gənclərin Söz Səhnəsi" adlı tədbir keçirilib.

"Unikal" xəbər verir ki, könüllülərin təşəbbüsü və təşkilatçılığı ilə Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta ümumtəhsil məktəbdə keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, idarənin əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin, Səməd Vurğun Poeziya evinin əməkdaşları, mədəniyyət işçiləri, Qazax rayonu üzrə təhsil sektorunun əməkdaşları, məktəb direktorları, müəllimlər, Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta ümumtəhsil məktəbin müəllim və şagirdləri, könüllülər, Yuxarı Salahlı kəndinin ziyalıları, KİV nümayəndələri iştirak ediblər.

Rəsmi açılış öncəsi "Sözün Rəngi" rəsm sərgisinə baxış olub. Rayon rəhbərliyi və iştirakçılar gənc könüllü rəssamların Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr etdikləri fırça işlərinə və rəsm tablolarına baxış keçiriblər. 

Sərgidə BDU Qazax filialının, Riyaziyyat müəllimliyi ixtisasının II kurs tələbəsi Nigar Allahverdiyevanın, Filologiya ixtisasının III kurs tələbəsi Elmira Alməmmədovanın, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının III kurs tələbəsi Səma Nağıyevanın, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq ixtisasının I kurs tələbəsi İmaməddin Hüseynovun, Sosial iş ixtisasının II kurs tələbəsi Səadət Mirzəyevanın əsərləri yer alıb.

Tədbirin aparıcısı, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş tədbirin əhəmiyyətindən söz açıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. İcra başçısı qeyd edib ki, bu gün respublikanın, demək olar ki, hər rayonunda şairin adına parklar, küçələr, mədəniyyət ocaqları, məktəblər var. Hətta şairin adını yaşadan nəhəng neft tankeri də fəaliyyət göstərir. Xalq şairinin adı ölkə hüdudlarından kənarda da böyük ehtiramla əbədiləşdirilib. İcra başçısı çıxışını Ulu Öndərin dahi şair barədə səsləndirdiyi dəyərli fikirləri ilə yekunlaşdırıb. “Biz bu günümüzə görə - xalqımızın mədəniyyətinin, ədəbiyyatının, elminin, təhsilinin ümumi səviyyəsinin bu mərtəbəyə qalxmasına görə Səməd Vurğuna minnətdarlığımızı bildirməliyik... Bugünkü Azərbaycan əzəmətli, böyük bir binadır. Bu binaya hərə öz payını qoyubdur - kimi çox, kimi az. Amma bu insanların tam əksəriyyəti Azərbaycanı qurmağa, yaratmağa və inkişaf etdirməyə çalışmışdır. Onlardan da ən görkəmlisi böyük şairimiz Səməd Vurğundur. Biz Səməd Vurğunla fəxr edirik”.

Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Yuxarı Salahlı kəndinin ziyalılarından, təqaüddə olan müəllimlər Məmləkət Quliyeva, Məhəmməd Vəkilov çıxış edərək Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən, milli poeziyanın inkişafındakı müstəsna rolundan danışıblar. 

Tədbirdə gənc könüllülər arasında keçirilən Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri də öz yazılarını təqdim ediblər. I yerin qalibi, BDU Qazax filialının Tarix ixtisasının III kurs tələbəsi Əhməyev Ümid Mollacuma oğlu,  II yerin qalibi, BDU Qazax filialının Sosial iş ixtisasının II kurs tələbəsi Kosayeva Nərgiz Amil qızı, III yerin qalibi BDU Qazax filialının Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisasının III kurs tələbəsi Aslanlı Tərlan İlham qızı öz yazı işlərini səhnədə səsləndiriblər. 

Daha sonra tədbirin bədii hissəsinə - “Vurğun Nəfəsi” Poeziya Marafonuna start verilib. Tədbirin bədii hissəsində gənc könüllülərin təqdimatında Xalq şairi Səməd Vurğunun zəngin yaradıcılığını əks etdirən ölməz poeziya nümunələri səsləndirilib. 

Yuxarı Salahlı kənd folklor evinin uşaq aşıqlar qrupunun şairin “Azərbaycan” şeirinə hazırladıqları kompozisiya alqışlarla qarşılanıb. 

Sonda intellektual viktorina keçirilib. 

Yekun nəticəyə əsasən, Qazax rayon Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta ümumtəhsil məktəbin “Dilcoşanlar” komandası 1-ci yerə, Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta ümumtəhsil məktəbin “Kür sədası” komandası 2-ci yerə, Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbin “Poeziya məşəli” komandası 3-cü yerə layiq görülüblər. 

Qalib komandaların üzvləri və inşa yazı müsabiqəsinin qalibləri Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi tərəfindən mükafatlandırılıblar.

Sonda xatirə şəkilləri çəkdirilib.