İyunun 23-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov yerlərdə sakinlərlə açıq formatda dialoqun qurulması istiqamətində növbəti səyyar görüş-qəbulunu Hirkan qəsəbə inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. 

"Unikal" xəbər verir ki, səyyar görüş-qəbulda şəhər İcra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.

İcra başçısı ötən səyyar qəbul-görüşdə inzibati ərazi dairəsi üzrə qaldırılan məsələlərin həllinin icra vəziyyəti barədə sakinlərə məlumat verib. Bildirilib ki, şəhər İcra hakimiyyətinin səlahiyyətlərinə aid olan və ədalətli qaldırılan bütün məsələlər həllini tapıb, digər məsələlərin həlli üçün aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər ünvanlanıb, qanunvericiliyə uyğun olaraq vətəndaşa məlumat verilib. 

Hirkan qəsəbə və Parakənd kəndinin sakinləri səyyar görüş-qəbulların keçirilməsinin yerində bir çox məsələlərin həll olunmasına, fikir və narahatlıqlarını sərbəst ifadə edə bilmələrinə, nəticədə vətəndaş məmnununluğunun təmin olunmasına imkan yaratdığını və bütün bunlara görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi təşəkkürlərini ifadə ediblər.