Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Gənclər və İdman Nazirliyi və “Azercell Telecom”un dəstəyi, 4SİM, KOBİA, İNNOLAND, İnnovasiyalar Mərkəzi, “Azercosmos” və “STEAM Azərbaycan”ın tərəfdaşlığı ilə keçirilən “RobotChallenge Azerbaijan 2026” beynəlxalq texnologiya yarışının yerli mərhələsində uğurlu nəticələr əldə ediblər.

"Unikal" xəbər verir ki, tədbirdə 600-dən çox iştirakçı və 200-dən artıq komanda müxtəlif kateqoriyalar üzrə innovativ layihələr və texniki bacarıqlarını nümayiş etdirərək yüksək nəticələr uğrunda mübarizə aparıblar. 

Yarışın nəticələrinə əsasən, BMU tələbələrindən ibarət “Linex” komandası (Ayxan İsgəndərzadə-Elektrik və elektronika mühəndisliyi, Fatimə Hüseynova - Kompüter elmləri, Ömər Davudov - Kompüter elmləri) Line Follower Adult kateqoriyasında II yerə layiq görülüb. Bu kateqoriya üzrə robotlar qara xətti ən qısa müddətdə izləyərək marşrutu tamamlama sürətinə görə qiymətləndirilib.

Eyni kateqoriya üzrə çıxış edən “Pathix” komandası (Nəzrin Həmidova- Mexanika mühəndisliyi, Firəngiz İbrahimova - BMU-İNHA ikili dövlət proqramı Elektrik mühəndisliyi, Fidan Əzimova - Azərbaycan Aviasiya Akademiyası, Robotexnika) yüksək nəticə göstərərək III yeri qazanıb. Komanda 5 komanda arasında keçirilən yarışda yüksək sürət və dəqiqlik nümayiş etdirib.

Freestyle Adult kateqoriyasında isə BMU-İNHA ikili diplom proqramının “Elektronika mühəndisliyi” ixtisasının III kurs tələbəsi Tahirə Bəylərovanın rəhbərlik etdiyi “JoshuaTech” komandası 14 komanda arasında III yerə layiq görülüb. Komandanın təqdim etdiyi layihə mədənlərin real vaxt rejimində analizini aparan, xəritələşdirmə həyata keçirən və mümkün risklər barədə əvvəlcədən xəbərdarlıq edən sənaye tipli hörümçək robotu olub. Robotun çoxistiqamətli hərəkət edə bilən mexaniki dizaynı layihənin əsas fərqləndirici xüsusiyyəti kimi qiymətləndirilib.

Yarış çərçivəsində BMU-İNHA İDP tələbələri, həmçinin könüllü qismində təşkilati dəstək göstəriblər. Ümumilikdə 7 əsas və 5 alt kateqoriya üzrə keçirilən müsabiqədə 36 komanda mükafatçılar sırasına daxil olub. 

BMU tələbələrinin qazandığı uğurlar universitet tələbələrinin robototexnika, innovasiya və mühəndislik istiqamətlərindəki yüksək bilik və bacarıqlarını, eləcə də böyük potensialını bir daha təsdiq edir.