Azərbaycan Texniki Universiteti (AzTU) və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) birgə təşkilatçılığı ilə AzTU-da “Falling Walls Lab” beynəlxalq müsabiqəsi təşkil olunub. Tədbir DAAD-nin AzTU-da fəaliyyət göstərən müəllimi Klaudio Kasperl və universitet əməkdaşlarının birgə dəstəyi ilə ərsəyə gəlib. Dünyanın 60-dan çox ölkəsində keçirilən layihənin əsas məqsədi müstəsna yaradıcı ideyaları təbliğ etmək və elmin bütün sahələrindən perspektivli gənc alim və tələbələri beynəlxalq platformada birləşdirməkdir.
"Unikal" xəbər verir ki, tədbirin açılışında çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev iştirakçıları salamlayaraq müsabiqənin əhəmiyyəti barədə məlumat verib. O qeyd edib ki, bu cür beynəlxalq müsabiqələr Azərbaycan tədqiqatçıları üçün bütün yaradıcılıq imkanlarının ortaya qoyulmasına xidmət edən fürsətlərdir. Rektor layihənin reallaşdırılmasına göstərilən dəstəyə görə Almaniyanın Azərbaycandakı səfirliyi və DAAD-nin nümayəndələrinə təşəkkürünü bildirib.
Qeyd edək ki, bu il müsabiqəyə 150-yə yaxın müraciət daxil olub. Namizədliyi təsdiqlənən iştirakçılar üçün təqdimat bacarıqlarının inkişafına yönəlmiş onlayn təqdimat təlimi təşkil edilib. AzTU, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Polis Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının gənc tədqiqatçılarından ibarət 18 layihə müəllifi yekun mərhələyə vəsiqə qazanaraq AzTU-da keçirilən müsabiqədə öz ideyalarını üç dəqiqə ərzində təqdim edib.
Layihələr Azərbaycanın ali təhsil müəssisələri, elmi-tədqiqat institutları və sənaye sektorunu təmsil edən münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə layihə ideyasının orijinallığı, innovativliyi və sahəyə faydalılığı, layihə ideyasının uyğunluğu və hədəf auditoriyasına təsir gücü və layihənin təqdim olunma səviyyəsi kimi meyarlar əsasında aparılıb.
Bakı Ali Neft Məktəbini təmsil edən tədqiqatçı Aytac Süleymanzadə “Dəyişkən Batareyalar üçün Həll” (“Breaking Walls of Volatile Batteries”) layihəsi ilə müsabiqənin Azərbaycan üzrə qalibi seçilib. Layihə batareyaların səmərəliliyini, istismar müddətini və təhlükəsizliyini artırmağa imkan verən yeni nəsil, yüksək göstəricilərə malik elektrolitlərin hazırlanmasını nəzərdə tutur. Qalib iştirakçı 2026-ci ilin noyabr ayında Berlində keçiriləcək final mərhələsində öz layihəsi ilə Azərbaycanı təmsil edəcək.





.jpg)



.jpg)




.jpg)




.jpg)


.jpeg)










.jpg)






















