Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts Berlində mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.
"Unikal" Prezident İlham Əliyevin "Reuters"in jurnalistinin Avropaya qaz ixracı ilə bağlı sualına cavabını təqdim edir:
Andreas Rinke (“Reuters”): Sualım Prezidentədir. Kanslerin söylədiklərinin davamı olaraq, bilmək istərdim, cənab Prezident, Azərbaycan hansı həcmdə qaz və nefti Almaniyaya təchiz etməyə hazırdır, buna qadirdir və arzulayır? Təchizat bu ilin əvvəlində başlayıb, lakin ola bilsin, hələ gözəçarpan əlavə potensial da var. Siz hansı həcmi nəzərdə tutursunuz?
Prezident İlham Əliyev: Neft təchizatına gəldikdə isə deyə bilərəm ki, Almaniya ilə bizim ümumi ticarət dövriyyəmiz keçən il təqribən, 1,5 milyard dollar ətrafında idi. Bunun böyük hissəsi Almaniyanın Azərbaycana ixracıdır, qalan hissə isə bizim ixracımız. Bizim ixracımızın da əsas hissəsi xam neftdir. Yəni hesab edirəm ki, Azərbaycan təxminən bir neçə yüz milyon dollar səviyyəsində xam neft təchiz edir və nə qədər lazımdır, o qədər də təchiz edə bilər - həm daxili mənbələrdən, həm də bizim enerji şirkətimiz SOCAR-ın treydinq bölməsindən. Yəni burada hər hansı bir problem yoxdur.
O ki qaldı, təbii qaz məsələlərinə, qeyd etdiyim kimi, biz bu ildən başlayaraq Almaniyaya təbii qaz satmağa başlamışıq. Bizim keçən il ümumi qaz ixracımız 25 milyard kubmetr olub. Onun yarısı Avropa İttifaqı ölkələrinə ixrac edilib. Bildiyimə görə, Almaniya şirkətləri ilə 10 illik kontrakt imzalanmışdır və ilkin həcm 1,5 milyard kubmetrdir. Ancaq bu, təbii ki, arta bilər. Bunun üçün bir neçə məsələ öz həllini tapmalıdır. Birincisi, bizə müraciət olmalıdır, yəni həcmin artırılması üçün. İkincisi, mövcud qaz infrastrukturu genişləndirilməlidir. Çünki bu gün həm TANAP, həm TAP tam gücü ilə işləyir və bu kəmərlərdə boş yer qalmayıb. Avropa məkanında yeni interkonnektorlar lazımdır. Əlbəttə ki, buna vəsait lazımdır. Əsas problemlərdən biri də odur ki, Avropa bankları, xüsusilə Avropa İnvestisiya Bankı yaşıl gündəliyə görə neft-qaz layihələrinə maliyyə dəstəyini dayandırmışdır. Beləliklə, bu gün infrastrukturu - Avropanı qazla təchiz edən infrastrukturu genişləndirmək üçün biz başqa mənbələrdən kreditlər almalıyıq. Yaxşı olardı ki, Avropa bankları öz qərarlarına yenidən baxsınlar. Xüsusilə nəzərə alsaq ki, bu gün Yaxın Şərqdə böhran əfsuslar olsun ki, dərinləşir və ənənəvi təchizat zəncirləri qırılıb. Nəzərə alsaq ki, Rusiyanın neftayırma zavodlarının sıradan çıxarılması ilə əlaqədar ənənəvi müştərilərə Rusiya istədiyi qədər neft məhsullarını ixrac edə bilmir. Bütün bu sonu bilinməyən hadisələr davam edir. Ona görə hesab edirəm ki, yaşıl gündəliyi nəzərə almaq şərti ilə bu məsələlərə yenidən baxıla bilər ki, Avropa bankları da neft-qaz layihələrinin işlənməsinə, neft-qaz infrastrukturunun tikintisinə və genişləndirilməsinə vəsait ayırsın. Belə olan halda Azərbaycan Avropa məkanına, o cümlədən Almaniyaya öz qaz ixracını böyük dərəcədə artıra bilər.











.jpg)



.jpg)




































.jpg)



