İyulun 2-də Lənkəranda Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü və peşə bayramı qeyd olunub. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüb, ona olan hörmət və ehtiramlarını ifadə ediblər. Tədbirin rəsmi hissəsində daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə təbrik məktubu oxunub.
"Unikal" xəbər verir ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasında keçirilən rəsmi tədbirdə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin rəisi Azər Cahangirov rəhbərlik etdiyi şəxsi heyəti təbrik edib, onlara xidməti fəaliyyətlərində uğurlar və can sağlığı arzulayıb. Azər Cahangirov polis orqanının yarandığı ilk gündən etibarən bütün tarixi dövrlərdə dövlətin milli maraqlarının müdafiəsində böyük vətənpərvərlik göstərdiyini qeyd edib. Polis rəisi bildirib ki, daxili işlər orqanlarının əməkdaşları ictimai asayişin və təhlükəsizliyin təmin olunmasına, qanunvericliklə müəyyənləşdirilmiş digər vəzifələrin layiqincə yerinə yetirilməsinə tam qadirdir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov çıxışında Ulu Öndər Heydər Əliyevin polis orqanlarına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini, onların fəaliyyətini yüksək qiymətləndirdiyini, polis peşəsini böyük cəsarət, mətanət, bilik, peşəkarlıq və yüksək mənəvi keyfiyyətlər tələb edən şərəfli xidmət kimi dəyərləndirdiyini qeyd edib. Onun sözlərinə görə məhz Ümummilli Liderin rəhbərliyi dövründə daxili işlər orqanlarının təşkilati cəhətdən gücləndirilməsi, peşəkar kadrların hazırlanması və qanunçuluğun möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
İcra başçısı bildirib ki, bu gün Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində daxili işlər orqanlarının davamlı şəkildə müasirləşir, maddi-texniki bazası gücləndirilir, beynəlxalq standartlara uyğun inkişaf edir. Azərbaycan Polisi cinayətkarlığa, o cümlədən transmilli mütəşəkkil cinayətkarlığa qarşı qətiyyətlə mübarizə apararaq ölkəmizdə sabitliyin və təhlükəsizliyin etibarlı təminatçısı kimi fəaliyyətini uğurla davam etdirir.
Taleh Qaraşov Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət siyasəti nəticəsində daxili işlər orqanlarımızın müasir dövrün tələblərinə cavab verən, çevik, peşəkar və Vətənə sədaqətli dövlət təsisatına çevrildiyini vurğulayıb.
Daha sonra polisin yaranmasının 108-ci illiyi ilə bağlı Lənkəran rayon polis işçiləri Veteranlar Şurasının sədri Bəxtiyar Vəliyev və yazıçı, publisist Bəxtiyar Hüseynov çıxış ediblər, sonra fəaliyyətinə dair videorolik nümayiş etdirilib.
Sonda Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin şəxsi heyətinin bir qrup üzvünə daxili işlər naziri Vilayət Eyvazovun, Lənkəran ŞİH başçısı Taleh Qaraşovun və Lənkəran Şəhər-Rayon Polis
Şöbəsinin rəisi Azər Cahangirovun sərəncamları ilə fəxri fərmanlar, təşəkkürnamə və pul mükafatları təqdim edilib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) kollektivi olaraq daxili işlər orqanlarının əməkdaşlarını təbrik edirik, onlara can sağlığı və asayişin qorunması, dövlətçiliyin möhkəmlənməsi kimi xidməti vəzifələrinin icrasında uğurlar arzulayırıq.



















.jpg)


.jpg)







.jpg)





















