15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026” minifutbol turniri yekunlaşıb. Sumqayıt Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının təşəbbüsü, Sumqayıt Tibb Mərkəzi və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə təşkil olunan yarışın bağlanış və mükafatlandırma mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, mərasimdə Sumqayıt Tibb Mərkəzinin direktor müavini Ramin Qasımov, Azərbaycan Respublikası Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədr müavini Qönçə Abdullayeva, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən, rəis müavini Rüfət Mahmudzadə və Sumqayıt Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Elmira Quliyeva iştirak ediblər.

Çıxışlarda Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin tarixində mühüm yer tutduğu qeyd olunub, bu cür yarışların səhiyyə işçiləri arasında həmrəyliyin möhkəmlənməsinə, sağlam həyat tərzinin təşviqinə və kollektivlərarası əməkdaşlığın inkişafına xidmət etdiyi vurğulanıb.

Səkkiz komandanın mübarizə apardığı turnirin yekun nəticələrinə əsasən Təcili Tibbi Yardım Xəstəxanasının komandası III, 3 nömrəli Şəhər Xəstəxanasının komandası II yerə layiq görülüb. 1 nömrəli Şəhər Xəstəxanasının komandası isə final görüşündə qələbə qazanaraq “Qurtuluş Kuboku – 2026”nın qalibi olub.

Qalib və mükafatçı komandalara kubok, medal və diplomlar təqdim edilib.

Tədbirin sonunda yarışın təşkilinə və keçirilməsinə dəstək göstərən qurumlara, iştirakçı komandalara, hakimlərə və təşkilatçılara təşəkkür bildirilib.

“Qurtuluş Kuboku – 2026” səhiyyə işçiləri arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, sağlam həyat tərzinin təbliği və idmana marağın artırılması məqsədilə keçirilib.